AzTU-da 3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq Konfransı işinə başlayıbbackend

Azərbaycan Texniki Universitetində (AzTU) “Avrasiyada Dinamik Enerji Landşaftı: Enerji Təhlükəsizliyinə Qlobal Təhdidlər, Regional Problemlər və İmkanlar” mövzusunda 3-cü Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq Konfransı işinə başlayıb.

10 ölkədən 500-ə yaxın nümayəndənin iştirak etdiyi konfrans AzTU və Türkiyənin Boğaziçi Universitetinin təşkilatçılığı ilə keçirilir.

İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, konfransın əsas məqsədi biznes, hökumət və akademik qurumların iştirakı ilə Avrasiya regionunda enerji və dayanıqlı inkişafla bağlı problemləri müzakirə edərək müəyyən həllər və təkliflər verməkdir. Rektor deyib ki, “Koronavirus (COVID-19) pandemiyasının verdiyi mesajlar, Rusiya-Ukrayna müharibəsi və digər regional proseslər Avrasiya məkanında, xüsusilə də enerji sektorunda və dayanıqlı inkişafda yeni trendləri meydana çıxarıb. Bu isə öz növbəsində Avrasiya məkanında yeni çağırışlar formalaşdırıb. Qeyd olunub ki, müzakrə olunan məsələlərin və təqdim edilmiş məqalələrin nəşrini təşkil etmək üçün SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun impakt faktorlu jurnalında konfransa təqdim edilmiş məqalələrdən 12-si seçilərək çap olunacaq.

Daha sonra çıxış edən Boğaziçi Universitetinin rektoru Mehmet Naci İnci, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, energetika nazirinin müavini Samir Vəliyev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, Türkiyənin Enerji Birjasının (EPİAŞ) baş direktoru Ahmet Türkoğlu və Avropa Enerji Birjaları Assosiasiyasının (EUROPEX) baş katibi Kristian Bayer iki gün ərzində konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans Azərbaycanda və bütövlükdə Avrasiya məkanında enerji sənayesinin yeni problemlərini dövlət, akademik və biznes nümayəndələri ilə daha geniş auditoriyalarda müzakirə etmək, müasir qlobal sənaye tendensiyalarını təhlil etmək və ən yaxşı beynəlxalq təcrübələri öyrənmək üçün zəruri platforma rolunu oynayacaq.

İki gün davam edəcək konfransın bölmə iclaslarında “Avrasiyanın enerji sektoruna geosiyasi təsirlər”, “Son dövlərdə qlobal enerji bazarlarında baş verən meyllər”, “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində təmiz enerji hədəflərinə nail olmaq üçün enerji siyasəti”, “Təmiz enerjiyə keçidin dəstəklənməsi”, “Bərpa olunan enerji məsələləri və enerji səmərəliliyi ilə bağlı çağırışlar”, “Yeni enerji mənbələrinin və qabaqcıl enerji texnologiyalarının inkişafı və iqtisadi təsirləri”, “Avrasiya bölgəsinin enerji təhlükəsizliyi baxımından üzləşdiyi problemlər” və digər mövzularda müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransın platinium sponsorları SOCAR, BP  və ABB şirkətləridir.