AzTU-da “B2G Forum” keçirilibbackend

Aprelin 12-də Azərbaycan Texniki Universitetində (AzTU) “Caspian Energy Club”un təşkilatçılığı ilə “B2G Forum” keçirilib. Forumda universitet nümayəndələri və sahibkarlar iştirak edib.

Forumun moderatoru “Caspian Energy Club”un idarə heyətinin sədri və baş icraçı direktoru Telman Əliyev klubun fəaliyyəti haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, “B2G Forum”un fəxri qonağı AzTU-nun rektoru Vilayət Vəliyevdir. Məqsəd universitetlə sahibkarların işbirliyini inkişaf etdirmək, əmək bazarının tələblərinə cavab verən kadr hazırlanması istiqamətində təkliflər verməkdir.

Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklər haqqında təqdimatla çıxış edib. Bildirib ki, belə görüşlərin keçirilməsi universitet-sənaye işbirliyi əsasında ideyaların biznesə çıxışı üçün əhəmiyyətlidir. Rektor AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası barədə də məlumat verib. İnkişafla yanaşı çatışmazlıqları da diqqətə çatdıran rektor innovasiyaların tətbiqində mövcud olan problemləri qeyd edib.

Forum çərçivəsində AzTU-nun rektoruna “Caspian Energy Club”un fəxri üzvlük sertifikatı təqdim olunub.

Rektor daha sonra sahibkarların suallarını cavablandırıb. Sahibkarlar universitetdə tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün yeni tədqiqat mərkəzlərinin, laboratoriyaların və texnoparkların yaradılması istiqamətində AzTU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

Forumdan sonra qonaqlar universitetin laboratoriyaları və institutlarının fəaliyyəti ilə tanış olub.