AzTU ilə Yıldız Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıbbackend

Azərbaycanda səfərdə olan Türkiyənin Yıldız Texniki Universitetinin (YTU) nümayəndə heyəti Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib. Qonaqlar Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edib.

Daha sonra nümayəndə heyətinin iştirakı ilə Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirilib. Qonaqları salamlayan rektor Vilayət Vəliyev bildirib ki, AzTU ilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri, o cümlədən YTU arasında əməkdaşlıq əlaqələri yüksələn xəttlə inkişaf edir. Əməkdaşlıq çərçivəsində bu yaxınlarda AzTU-nun Energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyev, Avtomatika və idarəetmə kafedrasının müdiri Vahid Fərhadov və kafedranın baş müəllimi Asif Qasımovun YTU-da səfərdə olduğu və faydalı təcrübə mübadiləsinin aparıldığı xatırlanıb. YTU-nun rektoru Tamer Yılmaz AzTU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirib ki, regionun ən böyük texniki universiteti olan AzTU ilə YTU arasında qarşıda daha faydalı layihələr həyata keçiriləcək.

Sonra AzTU və YTU arasında beynəlxalq təhsil əməkdaşlığı üzrə anlaşma memorandumu imzalanıb. Memorandumu rektorlar Vilayət Vəliyev və Tamer Yılmaz imzalayıb. Sənədə əsasən, hər iki universitet qarşılıqlı maraq doğuran sahələrdə təhsil, tədqiqat və tələbə-müəllim mübadiləsi üzrə əməkdaşlıq edəcək.