Bahar Muradova: “Qadınların ictimai həyatın bütün sahələrində rolu ildən-ilə artır”backend

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “8 Mart-Beynəlxalq Qadınlar Günü”nə həsr olunan tədbir keçirib.

Oxu.Az xəbər verir ki, tədbirdə ictimai-siyasi sahədə xidmətləri ilə seçilən qadınlar iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ölkədə qadınların ictimai həyatın bütün sahələrində rolu ildən-ilə artır:

“Bu gün ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında qadınlar fəal iştirak edərək onlara göstərilən etimadı şərəflə doğruldurlar. Yeni Azərbaycan quruculuğunda qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycan qadınları birgə fəaliyyət göstərəcəkdir. İstənilən demokratik cəmiyyətə, qadın hüquqlarının müdafiəsinə önəm verilir. Düşünürəm ki, Azərbaycan bu sahədə çox gözəl təcrübəyə malikdir. Hər keçən gün qadın hüquqlarının təminatı sahəsində əldə edilən uğurların sayı artır. Bu istiqamətdə mediaya açıqlamalarda, hazırladığımız hesabatlarda qadınların iqtisadi sahədə təmsil olunması, gender bərabərliyi barədə müvafiq məlumatlar qeyd etmişik.

Bu gün dövlətin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycan qadınları həm ölkə daxilində, həm də xaricdə ölkəmizi layiqincə təmsil edirlər”.

B.Muradova qeyd edib ki, Azərbaycan qadınları dövlətin dəstəyimi hər zaman hiss edirlər:

“Prezident İlham Əliyev qadınların çalışdıqları hər sahədə uğur qazanmaları, şəxsi həyatla ictimai fəaliyyətlərini tam uyğunlaşdırmaları üçün ölkədə hər bir şərait yaradıb. Qadınlar ən çətin peşələrdə çalışmalarına baxmayaraq daim məsuliyyətlidirlər. Müxtəlif sahələrdə Azərbaycan qadının qazandığı uğurlara görə onların dəyərləndirilməsi motivasiyadır. Kimliyindən, harada yaşamasından asılı olmayaraq, arzumuz budur ki, heç vaxt qadınlar, uşaqlar ağlamasın”.

Tədbirin davamında dövlət qadın siyasətindən bəhs edən film nümayiş olunub.

Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva ölkə başçısının qadınlara ünvanladığı təbrik məktubunu oxuyub.

2016-cı ilin Aprel döyüşlərində şəhid olan hərbçi polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova da Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edilənlər sırasındadır.

Tədbirdə çıxış edən şəhid xanımı bildirib ki, təltif olunduğum üçün sevincliyəm:

“Mənə göstərilən dərin etimada görə ölkə başçısına təşəkkür edirəm. Şəhid xanımı kimi gələcəkdə də öz fəaliyyətimdə etimadı doğruldacağam. Düşünürəm ki, övladımızı şəhid həyat yoldaşımın amalına layiq bir şəkildə böyüdəcəyəm”.

Sonda Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən qadınlara dövlət mükafatları təqdim olunub.