“Bakcell” müştərilərini aldadır – ŞİKAYƏTbackend

Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarla bağlı müxtəlif problemlər istifadəçilərdə ciddi narazılıq doğurmağa davam edir.

Hətta son vaxtlar bu problemlərlə üzləşən abunəçilərin sayı sürətlə artıb.

İctimai.az “Yeni Gündəm”ə istinadən xəbər verir ki, “Bakcell” mobil operator şirkətindən də narazılıqlar səngimir. Ölkənin aparıcı mobil şirkətinin abunəçilərinə yaratdığı çətinliklər barədə mütəmadi məlumatlar yayılır.

“Yeni Gündəmə daxil olan şikayətlərdə balansdan əsassız olaraq pul çıxarılması, tariflərin qiymətlərinin baha olması, abunəçilərə təqdim olunan internetin keyfiyyətinin aşağı olması, bəzi istifadəçilərdə şəbəkə problemləri ilə üzləşməsi kimi problemlər üstünlük təşkil edir.
Şikayətlərdən birində qeyd olunur: “Bakcellin yüksək qiymətli tariflərindən birinə qoşuldum. Qarşılığında 20 GB internet və gecə saatlarında limitsiz internet təqdim olunur.

Limitsiz internet verilməsinə baxmayaraq, gecə internetin sürəti çox aşağı olur. Bununla bağlı müraciət edəndə qarşı tərəf həll olunacağını qeyd edir, amma heç bir fərq yoxdur.
Digər bir şikayətdə qeyd olunur: Dünya 5G yə keçir, amma bizdə hələ 4G sürətini normal istifadə edə bilmirik. Paytaxtın mərkəzində belə internetin sürəti ilə bağlı ciddi problemlər yaşayırıq. Hər hansı bir rayona gedəndə isə internet bir kənara, adi şəbəkə tapa bilmirik.

Şikayət üçün çağrı mərkəzinə zəng edəndə isə ümumi cavablar eşidirik.
Yuxarıda qeyd edilən şikayətlər saytımıza daha çox daxil olan şikayətlərdir. Buna bənzər onlarla şikayətlər lə insanlar müraciət edir.
Qeyd edək ki, ölkəmiz mobil rabitə tariflərinin yüksəkliyinə görə MDB-də ön sıralarda yer tutur.

Mövzu diqqətimizdədir.

İctimai.az