Bakı Biznes və Kooperasiya Kollecində “Açıq qapı” günü təşkil olunub – Fotolarbackend
Bu gün Bakı Biznes və Kooperasiya Kollecində “Açıq qapı” günü təşkil olunub.
İctimai.az xəbər verir ki, “Açıq qapı” günündə Bakı Biznes və Kooperasiya Kollecində təhsil alan tələbələrin valideynləri, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi, qeyri hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də təhsil ekspertləri imtahan otaqlarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub, tələbələrin test suallarına necə cavab vermələrini müşahidə ediblər.
Tədbirdə Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi şəhidi Elvin Novruzovun anası Gülşən Novruzova giriş nitqi ilə çıxış etdilər.
Sonra Kollecin tədris işləri üzrə direktor müavini Zakir Məmmədov imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi haqqında məlumat verdi. Bildirdi ki, imtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək əsas iş prinsipidir.
Əvvəlcə yazı işləri müvafiq olaraq kodlaşdırılır, sonra tələbənin şəxsi məlumatları olan hissə kəsilərək ayrılır. Bundan sonra müəllim yoxlamaya başlayır. Yoxlama başa çatdıqdan sonra cavab vərəqələri ilə kəsilmiş hissə müvafiq kod ardıcıllığı ilə uyğunlaşdırılır, tələbənin balı ümumi bal vərəqinə yazılaraq yekun qiymət çıxarılır. Diqqət tələb edən bu prosesin tətbiqi olduqca zəruridir. Çünki bu halda imtahanı yoxlayan müəllim hansı tələbənin cavabını yoxladığını bilmir, bu da yoxlama prosesinə subyektiv yanaşmanı aradan qaldırır və nəticədə daha obyektiv qiymətləndirmə aparılmış olur.
Sonra Kollecin rəhbərliyi, valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə etdilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar.