Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Yenilik Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunun iyunun 15-dən Qazax stansiyasına qədər uzadılması ilə bağlıdır. Yeni marşrut üzrə ilk dəfə olaraq “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli, müasir və komfortlu qatarlar hərəkətə buraxılıb.
Əvvəllər (2019-cu ilin dekabr ayınadək) Bakıdan Qazaxa qatarla səyahət 8 saat 25 dəqiqə çəkirdisə, indi bu məsafə cəmi 5 saat 36 dəqiqəyə qət olunacaq.
Yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Qazaxa qatarlar hər gün saat 08:00 və 18:00-da yola düşərək, müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazaxdan Bakıya isə qatarlar saat 08:00 və 16:20-də çıxaraq, saat 13:29 və 21:49-da Bakı Dəmiryol Vağzalına çatır.
Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq ediləcək. Bakı-Qazax istiqamətində standart sinif yerlər üçün biletin minimal qiyməti 16,2 manat təşkil edəcək.
Yeni qatar xəttinin təhlükəsiz və fasiləsiz fəaliyyəti məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC Ağstafa-Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri aparıb. Bu çərçivədə enerji, rabitə və işarəvermə sistemlərinin layihələndirilməsi işləri görülüb, həmçinin Qazax stansiyasının binası təmir olunub və gözləmə zalı yenilənib.