Bakı və Abşeron yarımadasının su təhlükəsizliyibackend

Prezident İlham Əliyev: …hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin

Son iyirmi il ərzində Azərbaycan Respublikası sürətli və sistemli inkişaf mərhələsindən keçmişdir. Prezident İlham Əliyevin yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışı ölkənin bu dövrdə əldə etdiyi mühüm nailiyyətlərin və gələcək prioritetlərin əhatəli mənzərəsini ortaya qoymuşdur. Prezidentin qeyd etdiyi kimi, ötən iyirmi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmiş və ardıcıl şəkildə icra olunmuşdur. Hər biri beşillik dövrü əhatə edən bu proqramlar təkcə paytaxt Bakını deyil, ölkənin bütün regionlarını əhatə etmiş, infrastrukturun bərabər və balanslı inkişafını təmin etmişdir. Nəticədə uzun illər yığılıb qalmış əsas problemlər mərhələli şəkildə həll edilmiş, ölkənin sosial-iqtisadi potensialı əhəmiyyətli dərəcədə artmışdır.

Bu gün Azərbaycan artıq təkcə öz enerji təhlükəsizliyini təmin etməklə kifayətlənmir. Prezidentin vurğuladığı kimi, ölkəmiz enerji ixracı istiqamətində də strateji düşünür və bu istiqamətdə real addımlar atır. Necə ki, Azərbaycan neft və qaz ixracı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir, yaxın illərdə eyni missiyanı elektrik enerjisi sahəsində də yerinə yetirmək niyyətindədir. Bu məqsədə nail olmaq üçün qonşu dövlətlərlə, eləcə də yerli və xarici enerji şirkətləri ilə ciddi və sistemli danışıqlar aparılır. Elektrik enerjisinin regional və qlobal bazarlara çıxarılması Azərbaycanın geosiyasi və iqtisadi mövqelərini daha da gücləndirəcək, ölkənin strateji tərəfdaş kimi rolunu artıracaq. Bu strategiya Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolunu daha da artırmaqla yanaşı, ölkəyə əlavə iqtisadi dividendlər qazandıracaq, regional əməkdaşlığı gücləndirəcəkdir.

Azərbaycan Respublikasında son illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində ölkənin bir çox mühüm infrastruktur problemləri öz həllini tapmışdır. Bununla yanaşı, Bakı şəhəri və Abşeron yarımadasının içməli su ilə dayanıqlı təminatı uzun müddət aktual olaraq qalmış, bu məsələ dövlət səviyyəsində xüsusi yanaşma tələb etmişdir. Müşavirədə məhz bu problemin köklü həllinə yönəlmiş 2026–2035-ci illər üçün Dövlət Proqramı müzakirə edilmiş və ictimaiyyətə təqdim olunmuşdur. Qəbul ediləcək Dövlət Proqramı Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcəkdir. Bu ərazilər ölkə əhalisinin ən sıx məskunlaşdığı zonalar olmaqla yanaşı, iqtisadi, sənaye və sosial baxımdan strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdən içməli su təminatının dayanıqlı və uzunmüddətli əsaslarla həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunmuşdur.

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Bakının və Abşeron yarımadasının içməli su problemləri uzun illər ərzində ciddi məsələ kimi gündəmdə olmuşdur. Müxtəlif dövrlərdə müəyyən layihələr həyata keçirilsə də, problemin tam və sistemli həlli üçün genişmiqyaslı, müfəssəl və uzunmüddətli dövlət proqramının qəbulu artıq zəruri idi. Dövlət Proqramının əsas məqsədi Bakı və Abşeron yarımadasının dayanıqlı içməli su ilə təmin olunmasıdır. Proqramın 2035-ci ilə qədər icra olunması nəzərdə tutulur ki, bu da onun miqyasını və mürəkkəbliyini açıq şəkildə göstərir. Su mənbələrinin yaradılması və diversifikasiyası, mövcud infrastrukturun yenilənməsi, itkilərin azaldılması, müasir texnologiyaların tətbiqi proqramın əsas istiqamətləri sırasında yer alır.

Prezidentin vurğuladığı kimi, bu qədər geniş layihənin keyfiyyətlə icra olunması zaman tələb edir. Məhz buna görə proqram təxminən 10 illik dövrü əhatə edir. Lakin bu, işlərin ləng aparılması anlamına gəlməməlidir. Əksinə, proqram çərçivəsində bütün tədbirlərin planlı, ardıcıl və vaxtında həyata keçirilməsi əsas prinsip kimi müəyyən olunmuşdur. Proqramın icrası üçün maliyyə mənbələri artıq müəyyən edilmişdir. Layihə iki əsas mənbə hesabına maliyyələşdiriləcək: dövlət büdcəsi və xarici kreditlər. Prezident İlham Əliyev bu məqamda son illərdə aparılan maliyyə islahatlarının əhəmiyyətini xüsusi vurğulamışdır. Aparılan siyasət nəticəsində Azərbaycanın xarici borcu əhəmiyyətli dərəcədə azaldılmış və hazırda xarici borcun ümumi daxili məhsula nisbəti cəmi 6 faizdən bir qədər artıqdır. Bu göstərici Azərbaycanın dünya miqyasında ən aşağı borclanma səviyyəsinə malik ölkələr sırasında olmasını təmin edir və eyni zamanda, ölkəyə beynəlxalq maliyyə təsisatlarından daha əlverişli şərtlərlə kreditlər cəlb etmək imkanı yaradır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı maliyyə institutları Azərbaycanla əməkdaşlıqda maraqlıdır və təşəbbüslərlə çıxış edirlər.

Dövlət Proqramının mühüm xüsusiyyətlərindən biri də icrasına ciddi nəzarət mexanizmlərinin nəzərdə tutulmasıdır. Prezidentin tapşırığına əsasən, nəzarət həm Hökumət, həm də Prezident Administrasiyası tərəfindən həyata keçiriləcək. Bununla yanaşı, ictimai nəzarətin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Proqramın icrası mətbuatda və digər informasiya resurslarında mütəmadi şəkildə işıqlandırılmalıdır. Bakı və Abşeron əhalisi hansı layihənin nə vaxt icra olunduğunu, hansı problemin hansı mərhələdə həllini tapdığını aydın şəkildə bilməlidir. Bu, həm şəffaflığı artıracaq, həm də mümkün yubanmaların qarşısını almağa xidmət edəcəkdir. Qəbul edilən qərara əsasən, proqramın təxminən 10 illik dövrü əhatə etməsi təsadüfi deyil. Məqsəd tələskənliyə yol vermədən, bütün işləri yüksək keyfiyyətlə, beynəlxalq standartlara uyğun şəkildə həyata keçirməkdir. Bununla yanaşı, Prezidentin qəti mövqeyi ondan ibarətdir ki, bu müddət ərzində bir gün də yubanma olmamalıdır.

Yanvarın 12-də keçirilmiş müşavirə bir daha göstərdi ki, Azərbaycan inkişafını qısamüddətli layihələr üzərində deyil, uzunmüddətli və strateji proqramlar əsasında qurur. Su təchizatı və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair yeni Dövlət Proqramı da məhz bu yanaşmanın davamıdır. Enerji sahəsində əldə edilmiş uğurlar digər infrastruktur sahələri üçün də nümunə rolunu oynayır. Müşavirədə müzakirə olunan su təchizatı və tullantı suları ilə bağlı Dövlət Proqramı da ümumi infrastruktur siyasətinin tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu proqram Bakı və Abşeron yarımadasında həyat keyfiyyətinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyin təmin olunmasına və dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqinə xidmət edəcək.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu