Bakıda ailə FACİƏSİ: Yeddi aylıq əkiz bacılar yanaraq öldülərbackend

Xəbər verdiyimiz kimi, bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində güclü yanğın hadisəsi qeydə alınıb.

Oxu.Az-a baş verən yanğın hadisəsi ilə bağlı danışan yerli icra nümayəndəsi Elmar Abbasov bildirib ki, hadisə nəticəsində iki azyaşlı körpə dünyasını dəyişib, digər xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər:

“Bizdə olan ilkin məlumata görə, hadisənin qısaqapanmadan baş verdiyi deyilir, amma hazırda araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. İki nəfər 7 aylıq əkiz uşaq dünyasını dəyişib. Uşaqlardan biri hadisə yerində, digəri isə xəstəxanada vəfat edib.

Mən yeni (dörd ay əvvəl – red.) təyin olunduğuma görə ailə haqqında çox məlumatım yoxdur. Ailənin burada uzun müddət, yoxsa yeni məskunlaşması ilə bağlı məlumat araşdırmadan sonra bəlli olacaq. Hələlik bir söz deyə bilmərəm. Ailə başçısı Rövşən Abbasov olub”.