Bakıda Aralın xilası ilə bağlı Qazaxıstanın səyləri müzakirə olunubbackend

Qazaxıstanın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Aralın Xilası Fondunun (BAXF) İcraiyyə Komitəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində “Mərkəzi Asiya iqlim təsirlərini nəzərə alaraq Aral Dənizi hövzəsində transsərhəd su resurslarının idarə edilməsinin səmərəliliyinin artırılması yolunda” mövzusunda tədbir təşkil edib.

BAXF-nin təsisçi dövlətləri ilə beynəlxalq inkişaf tərəfdaşları arasında əməkdaşlığın gücləndirilməsinə və genişləndirilməsinə yönəlmiş sayd-iventin həmtəşkilatçıları qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Yaşıl Mərkəzi Asiya” Regional Proqramı və Beynəlxalq Su Qiymətləndirmə Mərkəzi çıxış edib.

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel öz çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin COP29-dakı iştirakı və keçirilən danışıqlar barədə söz açıb. Aral Dənizinin xilas edilməsi istiqamətində Qazaxıstan tərəfindən görülən tədbirlərə toxunan A. Bayel ölkəsinin son illərdə Şimali Aral Dənizinin xilası ilə bağlı böyük irəliləyiş əldə etdiyini vurğulayıb, bu hövzənin su ehtiyatlarının əhəmiyyətli dərəcədə bərpa olunduğunu bildirib. Diplomat həmçinin qeyd edib ki, bu il Beynəlxalq Aralın Xilası Fondunda sədrliyi Qazaxıstana keçib.

Tədbir çərçivəsində iştirakçılar Mərkəzi Asiya su sektoru üçün iqlim risklərini, eləcə də birgə tədbirlərin həyata keçirilməsi müzakirə ediblər. İştirakçılar Aral Dənizi hövzəsində iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri və iqlimin su resurslarına mənfi təsirinin azaldılması ilə bağlı qiymətləndirmələrini bölüşübülər.

Panel sessiyalar zamanı həmçinin Mərkəzi Asiya ölkələri və beynəlxalq tərəfdaşlar arasında Aral Dənizi hövzəsində layihələrin və proqramların həyata keçirilməsi üzrə praktiki əməkdaşlığın və fəaliyyətlərin koordinasiyasının yaxşılaşdırılması yolları müzakirə olunub.