Bakıda çoxlu sayda şəhər sakinlərinin və qonaqlarının iştirak etdiyi Bahar Xeyriyyə Bazarı keçirilib. Tədbirin təşkilatçıları Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club – Baku) və Qazaxıstanın Azərbaycandakı Səfirliyi olub.
Bazar Bakıda fəaliyyət göstərən onlarla xarici dövlət səfirlikləri, yerli və xarici şirkətlər, könüllülər tərəfindən dəstək alıb.
Açılış nitqi ilə çıxış edən Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, xüsusilə dünyada baş verməkdə olan çaxnaşmalar fonunda bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. Diplomat, qarşılıqlı yardım və xüsusilə ehtiyacı olan uşaqlara və qadınlara dəstək bizim sivilizasiya kodumuzun ayrılmaz hissəsi olduğunu qeyd edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev könüllülüyə xüsusi əhəmiyyət verir.
Bakı Beynəlxalq Qadınlar Klubunun Prezidenti Asemgül Bayel bazarı təşkilinə töhfə verən hər kəsə təşəkkürünü bildirib və hər bir ianənin ünvanına çatacağını əlavə edib. Toplanan vəsaitlər şəhid ailələrinin və veteranların, inkişaf xüsusiyyətləri olan uşaqların, yeni başlayan və dəstəyə ehtiyacı olan qadın sahibkarların, tək anaların, uşaq evlərinin dəstəklənməsinə yönəldiləcək. Asemgül Bayel qeyd edib ki, Beynəlxalq Qadınlar Klubunun missiyası ehtiyacı olanlara dəstək göstərmək və müxtəlif mədəniyyətlərdən olan insanlar arasında dialoqu inkişaf etdirməkdir.
Tədbirin açılışında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin Sədri Hicran Hüseynova, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin Müavini Səadət Yusifova çıxış ediblər. Onlar bu xeyirxah işə görə bazarın təşkilatçılarına təşəkkür ediblər. Qonaqlar qeyd etdilər ki, bakılılar xeyriyyə yarmarkası vasitəsilə qazax mədəniyyəti ilə də daha yaxından tanış olurlar.
Bazar çərçivəsində yerli və xarici ustaların əl işlərinin və sənətkarlıq nümunələrinin, müxtəlif xalqların yeməklərinin satışı təşkil olunub. Həmçinin maraqlı musiqi proqramı və əyləncələr təqdim edilib, lotereya və hədiyyə uduşları keçirilib.
Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club – Baku) 30 ildən artıq əvvəl yaradılan qeyri-kommersiya təşkilatıdır və dostluğun möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın inkişafı, xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədilə müxtəlif ölkə və mədəniyyətlərdən olan qadınları birləşdirir. Klubun üzvləri Bakıda akkreditə olunmuş səfirlərin həyat yoldaşları, tanınmış qadın sahibkarlar və ictimai xadimlərdir. 1 fevral 2026-cı il tarixindən etibarən Klubun Prezidenti vəzifəsinə Qazaxıstanın Azərbaycandakı Səfirinin həyat yoldaşı Asemgül Bayel seçilib. Vitse-Prezident isə Azərbaycandan olan sahibkar Cəmilə Hüseynovadır.












