Bakıda “Əl Əməyi, Göz Nuru” satış-sərgisinin açılışı olubbackend

Bu gün Bakıda qadın sahibkarların əl işlərindən ibarət 46-cı “Əl Əməyi, Göz Nuru” satış-sərgisinin açılışı olub.

“Yeni Gündəm” xəbər verir ki, sərgi “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə baş tutub.

Mayın 15-ə qədər davam edəcək sərgidə 100-dən çox istedadlı qadın sahibkarın hazırladığı müxtəlif məhsullar nümayiş etdirilir və satılır.

Tədbir AQSİA, USAID və KOBİA-nın qadınların iqtisadi tərəqqisini dəstəkləmək məqsədilə effektiv platforma təmin edən sektor olan yaradıcı sənayelərdə qadınlara məxsus mikro və kiçik müəssisələrin inkişafına verdiyi dəstəyin bir hissəsidir.

Tədbirdə çıxış edən AQSİA-nın sədri Səkinə Babayeva deyib ki, Assosiasiya ölkə üçün müəyyən edilmiş Milli Prioritetlərə əsasən qadın sahibkarlığının yaradıcı və innovativ əsaslarla inkişafı, rəqəmsal texnologiyaların tətbiqinin təşviq edilməsi, özünə məşğulluq imkanlarının artırılması istiqamətində aktiv fəaliyyət göstərir.: “Məqsədimiz mikro və kiçik qadın sahibkarlara, eləcə də əlilliyi olan sahibkarlara xüsusi diqqət ayırmaq, ümumilikdə qadın sahibkarlığının iqtisadi dayanıqlılığının artırılmasına töhfə verməkdir. USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) qadın biznes və peşəkar assosiasiyaları və onların üzvlərinin gücləndirilməsinə və əlaqələndirilməsinə, eləcə də kənd qadınları üçün yeni imkanların yaradılmasına diqqət yetirərək, öz fəaliyyəti ilə qadınların iqtisadi iştirakını artırır. Özəl Sektorun İnkişafı Layihəsinin (PSA) “Qadınlar Assosiasiyalarda” komponenti qadın sahibkarların və biznes sahiblərinin bazar məlumatlarına, bazarlara, rəqəmsal və biznesin inkişafı xidmətlərinə, maliyyəyə, şəbəkələrə, mentorluğa və biznesə başlamaq və/və ya böyütməyə mane olan əngəlləri aradan qaldırmağa imkan verən digər resurslara çıxışını artırmaq məqsədi daşıyır. Bu xüsusda Özəl Sektorun İnkişafı Layihəsi (PSA) qadınların iqtisadi imkanlarının gücləndirilməsinə davamlı dəstəyi təmin etmək məqsədilə Azərbaycanda qadınlara məxsus, onların rəhbərlik etdiyi və qadın yönümlü biznes və professional assosiasiyalarını gücləndirir və imkanlarını artırır”.

O əlavə edib ki, AQSİA işgüzar qadınları bir araya gətirmək və onlara şəbəkə qurmaq və potensiallarının gücləndirilməsi imkanlarını təmin etmək missiyası ilə yaradılıb: “Assosiasiya Azərbaycanda 1 000-dən çox tədbir keçirib və ölkə üzrə 5 200 qadına sahibkarlıq üzrə təlim kursları keçib. İlkin kapital alan qadın biznes benefisiarlarının sayı 213 nəfərə çatıb ki, onların da 50%-i bizneslərini genişləndirməkdə və yeni iş yerləri yaratmaqda irəliləyiş əldə edib. Bu fəaliyyətlər AQSİA-nın ölkədə sahibkarlığın inkişafına dəstək verən yerli hökumət və özəl qurumlarla və beynəlxalq təşkilatlarla tərəfdaşlığı vasitəsilə həyata keçirilib”.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev deyib ki, sərginin keçirilməsi qadınların dəstəklənməsində mühüm rol oynayır: ” USAİD-in qadın sahibkarlığına dəstəklə bağlı böyük təcrübəsi var, bu bizi sevindirir ki, USAİD bu təcrübəsini bölüşür. KOBİA ölkədə daim qadın sahibkarlığının inkişafına dəstək verir. Bu günə qədər KOBİA-nın xətti ilə təşkil olunan tədris proqramlarında iştirak edənlərin 30%-ni qadınlar təşkil edir. USAİD-lə Azərbaycan arasında rəqəmsal əməkdaşlıq yüksələn xətlə inkişaf edir”.