Bakıda küçədə gecələyən qoca sığınacağa yerləşdirildi – FOTObackend

Bakının Buzovna qəsəbəsində küçədə gecələyən Həbib Məmmədov sığınacağa yerləşdirilib.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.

O bildirib ki, ötən gün bəzi sosial media səhifələrində H.Məmmədovun Buzovna ərazisində küçələrdə gecələməsi və çətin həyat şəraiti barədə məlumat paylaşılıb:

“Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları məlumatı paylaşan şəxslərlə əlaqə saxlayıb, onun yerini dəqiqləşdirdilər.

Az sonra isə Həbib Məmmədovu daimi gecələdiyi ərazidən götürüb, Agentliyin Həssas Əhali Qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə gətirdilər.

O, ilk tibbi müayinədən sonra yataq yeri və isti yeməklə təmin olunub.

Həbib dayı əvvəlcə müəssisənin karantin bölməsində qalacaq. Həmin müddətdə tibbi müayinələrdən keçəcək. Koronavirusa yoluxma aşkar olunmazsa, Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə qəbul ediləcək.

Burada onun gələcək həyatı üçün lazımi dəstəyin aparılması üçün də işlər görüləcək.

Sosial mediada Həbib Məmmədov barəsində məlumatı paylaşaraq, onun barəsində xəbər verən, məsələyə həssas yanaşan hər kəsə təşəkkürümüzü bildiririk!”

İctimai.az