Bakıda polis əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
İctimai.az xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyulun 7-də paytaxtın Suraxanı rayonu Binə qəsəbəsi ərazisində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərib.
Mehman Məmmədovun tutularaq istintaqa cəlb edilməsindən ötrü Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun polis əməkdaşı 1986-cı təvəllüdlü Fəxrəddin Nəsirova bıçaqla xəsarət yetirərək qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanaraq, istintaq aparılır. Mehman Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.