Oktyabrın 23-də Bakıda Qazaxıstan Respublikasının Müstəqillik Günü qeyd edilib.
İctimai.az xəbər verir ki, əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açılış nitqi ilə çıxış edərək, ölkəsinin müstəqillik əldə etdiyi illər ərzində onun keçdiyi yoldan danışıb.
Səfir Qazaxıstan-Azərbaycan münasibətlərinə toxunaraq bildirib ki, strateji tərəfdaşlıq – müttəfiqlik səviyyəsinə yüksələn bu münasibətlərin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəklər.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Hökuməti adından çıxış edərək deyib ki, müstəqillik illərində ölkələrimiz əhəmiyyətli uğurlara nail olaraq, öz regionunda mühüm dövlətlərə çevriliblər.
Azərbaycan ilə Qazaxıstan arasında bağlanan müqavilələr və bəyannamələr haqqında danışan nazir müavini qeyd edib ki, keçən il aprelin 23-də Ali Dövlətlərarası Şuranın yaradılması ilə bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Daha sonra Qazaxıstan milli musiqisinə həsr olunan bədii hissə qonaqlara nümayiş etdirilib.
Sonda Qazaxıstanla əməkdaşlıqda xüsusi rolu olan şəxslər təltif olunublar.