Bu gün Bakıda saat 11:00-dan 14:00-dək nəqliyyat monitorinqi keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair keçirilən dünənki brifinqdə məlumat verilib.
Məlumata əsasən, nəqliyyat monitorinqi bu gün – 3 noyabr tarixində saat 11:00-dan 14:00-dək keçiriləcək. Monitorinq tədbirləri Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərini əhatə edəcək. Sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.
Ölkəmizdə keçirilən beynəlxalq COP29 konfransı zamanı paytaxtda nəqliyyat hərəkətinin idarə olunmasının optimallaşdırılması, şəhər nəqliyyatının təhlükəsiz və nizamlı təşkili, eləcə də hərəkət iştirakçılarının rahatlığının təmin edilməsi məqsədilə noyabrın 3-də saat 10:00-15:00 arası bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri və son dayanacaq məntəqələri dəyişdiriləcək.
Yolların bağlanması ilə əlaqədar, hərəkət sxemləri dəyişdirilən avtobus marşrutlarının siyahısını təqdim edirik:
Məmmədli, Buzovna, Maştağa, Bilgəh, Nardaran, Ramana, Balaxanı qəsəbələri və Albalılıq, Savalan (139 nömrəli marşrut) yaşayış massivlərində fəaliyyət göstərən marşrut avtobusları Zabrat şosesindən Balaxanı yolu ilə “Ulduz” metro stansiyasınadək;
Badamdar, Lökbatan və Bayıl qəsəbələri, Yasamal Yaşayış Kompleksi, Yeni Yasamal yaşayış massivi, 9-cu mikrorayon, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrut avtobusları “Elmlər Akademiyası” metro stansiyasınadək;
Sabunçu dəmiryol stansiyasından Bakıxanov qəsəbəsi və “Neftçilər” metro stansiyası istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə;
Ramana qəsəbəsindən və Sabunçu dəmiryol stansiyasından Qara Qarayev prospekti istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Balaxanı yolu ilə;
“Dərnəgül” metro stansiyasından Sabunçu dəmiryol stansiyasına fəaliyyət göstərən marşrut avtobusu Balaxanı yolu ilə;
“Dərnəgül” metro stansiyasından Badamdar qəsəbəsinə, həmçinin Yeni Yasamal yaşayış massivindən 7 saylı “ASAN Xidmət” mərkəzinə fəaliyyət göstərən marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları, Bakıxanov küçələri, əks istiqamətdə isə N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev küçələri ilə hərəkət edəcək.
Bundan başqa COP29 konfransının baş tutacağı məkanları istiqamətində nəqliyyat hərəkətinin intensivləşəcəyi nəzərə alınaraq, bu ərazilərdə sıxlığı azaltmaq, sakinlər və qonaqlar üçün təhlükəsiz və səmərəli nəqliyyatı təmin etmək məqsədilə bəzi avtobus marşrutlarının son dayanacaq məntəqəsi dəyişdirilib.