Belarusda bank sistemlərində irimiqyaslı uğursuzluq baş verib – Belarusbank da daxil olmaqla bir neçə iri bankın müştəriləri bank kartlarından pulun yoxa çıxmasından şikayətləniblər.
Bu barədə RİA Novosti yerli sakinlərə və sosial şəbəkələrə istinadən məlumat yayıb.
İstifadəçilərdən biri agentliyə bildirib ki, səhər saatlarında kartındakı balansın sıfırlandığını aşkar edib, baxmayaraq ki, bir gün əvvəl onun kartında 500 Belarus rublu olub.
“Birinci Məlumat” telekanalının aydınlaşdırdığı kimi, uğursuzluq təkcə “Belarusbank”a deyil, digər maliyyə təşkilatlarına da təsir edib. Bu məlumatın təsdiqi daha sonra Belarusun Bank Prosessinq Mərkəzindən alınıb.
Şirkət təsdiqləyib ki, iyulun 9-da aparat-proqram kompleksində texniki nasazlıq baş verib. Bu, Belarusbank, Belagroprombank və Belinvestbank müştərilərinin kartlarında müvəqqəti mənfi qalıqlara səbəb olub. İndi mütəxəssislər problemi həll edirlər və onlar yaxın gələcəkdə kartlardakı qalıqları bərpa edəcəklərinə söz verirlər. Mərkəz yaranan narahatlığa görə üzr istəyib.