Beş illik fəaliyyətbackend

2016-cı ilin 26 sentyabr tarixində keşirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı və Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmuşdur. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev demişdir: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.

Həmin iclasda Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq… Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir.

Mehriban xanım Əliyeva 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Hazırda Mehriban xanım  Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini; Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti; Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü; UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyət göstərir.

Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsəd-yönlülüyünün dəfələrlə şahidi olub.

Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Onun Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır.

Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı. Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir.

Azərbaycanın milli sərvəti olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsidir. Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirmişdir. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlamışdır. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır.

Mehriban xanım Əliyeva 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.

Təhsilə göstərilən qayğı kontekstində ötən illərin növbəti təşəbbüsləri xüsusi olaraq vurğulanmalıdır: “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və s. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 100-ə qədər, ümumilikdə isə ötən dövr ərzində 3000-dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir.

Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini başlamışdır. Bundan əlavə, 2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür.

Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qarabağ müharibəsi şəhidlərinin övladları, valideynləri və doğmalarına Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı olmuşdur. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, habelə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələri koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilmişdir.

2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası hər il davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Nəsimi ili çərçivəsində (2020-ci il) Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağac əkilmiş və Bakı şəhərində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir.

Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyətini bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına  xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.

Nəzrin Abdullayeva – “Bakı Avrasiya” Universitetinin tələbəsi