Beyləqan şagirdləri üçün elektron imtahanlar təşkil olunubbackend

11 may 2022-ci il tarixində Beyləqan Gənclər Evi SXM-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2021-ci il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olmuş və “Mil” sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyi tərəfindən icra edilən “Regionlar məktəblərində e-qiymətləndirmə sisteminin yaradılması” layihəsi çərçivəsində Beyləqan rayon təhsil ictimaiyyəti üçün tanıtım tədbiri təşkil edilmişdir. Həmçinin, bu gün təşkil olunan tədbir çərçivəsində Beyləqan şəhər Təbiət və Humanitar təmayüllü fənlər liseyinin 6-cı sinif şagirdləri layihə çərçivəsində hazırlanmış elektron proqram təminatı vasitəsilə Azərbaycan dili fənnindən kiçik summativ qiymətləndirmə imtahanında iştirak etmişlər.

Tədbirdə Təhsil meneceri Cavid Məmmədov, Beyləqan rayon Təhsil Şöbəsi Metodiki Kabinetinin müdiri Həsən Məmmədov, Beyləqan şəhər 4 saylı tam orta məktəbin direktoru Tamella Quliyeva, Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə director müavini Elşad Haqverdiyev də iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan ictimai birliyin rəhbəri Mürsəl Behbudlu layihə haqqında geniş məlumat vermiş, proqram təminatının işləmə mexanizmini və e-qiymətləndirmə sisteminin əhəmiyyətini diqqətə çatdırmışdır. Çıxış edən digər natiqlər də müasir qiymətləndirmə mexanizmləri haqqında çıxışlar etmiş və layihənin icrasına uğurlar arzulamışlar.  Daha sonra isə 20 nəfər şagird 2 yarımqrup şəklində kompüter arxasında imtahan vermişlər. İmtahanın müddəti hər yarımqrup üçün 30 dəqiqə olmuşdur. 10 sualdan ibarət imtahan və e-proqram şagirdlərin böyük marağına səbəb olmuşdur. Suallara cavab verəndən sonra hər şagird imtahanı bitirərək dərhal səhv və düz cavablarını, həmçinin, bal və qiymətlərini görmək imkanı əldə etmişlər. Beləliklə, “Region Məktəblərinin Qiymətləndirmə Sistemi” (RMQS) proqramı daha bir məktəbin şagirdləri üçün uğurla tətbiq edilmişdir.

Qeyd edək ki, layihənin əsas məqsədi məktəbdaxili qiymətləndirmə sisteminin elektronlaşdırılması yolu ilə təkmilləşdirilməsinə, çevikləşdirilməsinə və müasirləşdirilməsinə dəstək olmaqdan ibarətdir.

Yaxın günlərdə digər Beyləqan məktəbləri də elektron imtahanlara dəvət olunacaqdır.