Biləsuvarda yasa və toya gedən avtomobillər toqquşdubackend

Biləsuvar rayonunda baş verən ağır avtomobil qəzasının bəzi təfərrüatı məlum olub.

İctimai.az “Report”a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobilinin “Opel” markalı minik avtomobili ilə toqquşması nəticəsində yeddi nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alan həmin şəxslərdən biri hadisə yerində, biri isə xəstəxanada vəfat edib.

Yaralılar Biləsuvar və Cəbrayıl Rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

Məlumata görə, VAZ-2107-də olan şəxslər bir ailənin üzvləri olan Beyləqan rayon sakinləridir. Onların Salyan rayonuna yas mərasiminə getdiyi bildirilir.

“Opel” markalı minik avtomobilində olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar da Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gəlirmişlər.

Faktla bağlı araşdırma aparılır.