Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə Memorial Kompleksin açılışı olubbackend

28 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksin açılış mərasimi və “ŞƏHİDLİK – ƏBƏDİYYƏTDİR” adlı ümumrayon tədbiri həyata keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri, sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin. Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Şurasının, ictimai birliklərin üzvləri, ziyalılar və rayon ictimaiyyəti iştirak edirdilər.
Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Memorial Kompleksin qarşısına əklil və gül dəstələri qoyuldu və tədbir topaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şəhid ailələrinə böyük ehtiramını bildirərək, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Binəqədi rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin mənəvi əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, Binəqədi rayonunda şəhidlərimizin xatirəsinə Binəqədi, Biləcəri, Xocəsən qəsəbələrində Xatirə Kompleksləri, elə bu ərazinin yaxınlığında – Dərnəgül park ərazisində Vətən müharibəsində şəhadətə qovuşmuş üç min şəhidimizin əziz xatirəsinə yaşıllıq ərazisi salınmışdır. Bu gün Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində canlarını fəda edən Binəqədi rayon şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksə 301(üç yüz bir) şəhidlərimizin adı və soyadı həkk olunmuşdur və elektron tabloda bu şəhidlərimizin həyat tarixçəsi və keçdiyi döyüş yolu haqqında məlumatlar toplanmışdır. “Uzun illər ermənilər tərəfindən dinc əhalimiz terrora məruz qalmış, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdı. Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı həssas diplomatik mübarizə, xalq, rəşadətli Milli Ordu və dövlət birliyi Azərbaycanı öz tarixi torpaqlarına qovuşdurmağı bacardı” – deyə Rayon İcra Hakimiyyətinin başçısı söyləmişdir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov öz çıxışında qeyd edib ki, iki il bundan əvvəl sentyabr ayının 27-si Şanlı qələbəmizin təməlinin qoyulduğu gündür. Xalqımız 44 gün ərzində möhtəşəm Zəfərə imza atmaqla dünya hərb tarixinin yeni qızıl səhifəsini yazdı. Bu Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir.
Daha sonra çıxış edən şəhid anaları övladları ilə bağlı xatirələrini bölüşərək şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin onları duyğulandırdığından bəhs etdilər. Həmçinin şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını ifadə etdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Suqovuşanın azadlığı uğrunda”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan qazi Ruslan Şıxıyev isə öz çıxışında bildirdi ki, “Biz birlikdə güclüyük!” şüarı ilə hər günü gərgin keçən 44 günün içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq. Bu tarixin isə bir qəhrəmanı var : Azərbaycan xalqı, Azərbayca Ordusu və onun yenilməz Lideri cənab İlham Əliyev!
Sonda Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Şəhidlərimizə” həsr olunmuş bədii kompozisiya təqdim olundu.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allah rəhmət etsin söyləyirik!