Binəqədi RİH yanında İctimai Şuranın QHT-lərlə qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar tədbir keçirilibbackend
Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası və Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Şuranın üzvləri və rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri iştirak edirdilər.
Tədbirdə ilk öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.
Sonra tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova öz işinini İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran İctimai Şura ilə sıx əməkdaşlıq əlaqələrindən, vətəndaşların qarşılaşdığı problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri işlərin aparılmasının vacibliyindən, rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə həyata keçirilən layihələrdən söhbət açdı.
Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək 2022-ci ilin ikinci yarımilli ərzində Şuranın fəaliyyətindən, gördüyü işlərdən barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Şuranın sədr müavini Təranə Paşayeva Şuranın “facebook” səhifəsinin, operativ fəaliyyət üçün şura üzvləri ilə səlahiyyətli şəxslərdən ibarət “WhatsApp” qrupunun yaradılmasından danışaraq, İctimai Şura ilə dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən zəruri işlərdən söhbət açdı.
Məruzə ətrafında çıxış edən Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsini və şurada müzakirə edilən məsələlərin əhatə dairəsinin daha da genişləndirilməsini vurğuladı.
Digər çıxış edənlər İctimai Şuranın daha aktiv və fəaliyyət istiqamətlərinə dair müzakirələr apardılar.