Bir çox xanımlar üçün Mehriban Əliyeva ideal Azərbaycan xanımı modelidirbackend

26 avqust ölkəmizin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın doğum günüdür.   Mehriban Əliyeva yaşından, milliyyətindən və dini inancından asılı olmayaraq minlərlə insanın ürəyini fəth edib.
Onun humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə sevir və hörmət edirlər. Xeyirxahlıq, mərhəmət,  şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir.

Mehriban Əliyeva haqqında yazmaq, üstəlik, onun barəsində öz fikrini söyləmək olduqca ciddi və məsuliyyətli vəzifədir. Ölkəmizin dünyada tanıdılması istiqamətində müxtəlif sahələrdə göstərdiyi misilsiz fəaliyyəti nəinki Azərbaycanda, həmçinin bütün dünyada alqışlanır və böyük maraqla qarşılanır.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Bununla yanı,  qayğıkeş ana,  mükəmməl həyat yoldaşıdır. Mehriban Əliyeva həyatında bir çox şeylərə nail ola bilib: üç uşaq böyütmək və öz həyat yoldaşına etibarlı dayaq olmaqla, dəstəyə ehtiyacı olanlara kömək göstərərək ölkənin ictimai həyatının ayrılmaz hissəsinə çevrilmək.

Hər birimizə aydındır ki, Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla yalnız bir sahəyə diqqət ayıra və ya bir çox ölkənin birinci xanımları kimi kənardan müşahidəçi mövqeyi tuta bilərdi. Lakin bu, onun prinsiplərinə cavab vermir. Ölkənin ictimai-sosial həyatının bütün istiqamətləri onun diqqətindədir. Onun rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və digər sahələri əhatə edir.

Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi oldu. Bugün bir çox xanımlar üçün Mehriban Əliyeva ideal Azərbaycan xanımı modelidir. Onlar Mehriban xanımın simasında təkcə lider və ya ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görürlər.
O, həqiqətən də, tükənməz enerjiyə malikdir. Deyərdim ki, məhz onun inamı, nikbinliyi, müsbət enerjisi rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hər bir əməkdaşına reallaşdırılan layihələrin uğurla yekunlaşmasına daha böyük əminlik verir. Bu insan incə yanaşması və nadir müdrikliyi sayəsində şübhə və bədbinliyi kənara atmaqla istənilən vəziyyətdən çıxış yolu tapa bilər.

Məhz buna görə də Heydər Əliyev Fondunun uğurları təkcə həmrəy kollektivin yorulmaz işinin nəticəsi deyil, həm də bütün təfərrüatları dəqiq başa düşən, komandanın hər bir üzvü ilə sıx təmasda olmaqla tədbirlərin hazırlanmasında və reallaşdırılmasında iştirak edən tələbkar və məqsədyönlü rəhbərin səyləridir.

Xalq onu sevir və ona inanır, ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və humanizm ənənələri canlanıb. Mehriban Əliyeva insanlara xeyirxahlığa meyl, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb.

Bununla da Mehriban Əliyeva Azərbaycan cəmiyyətinin bu gününə qayğı göstərməklə, Azərbaycan Prezidentini ölkəmizin gələcəyi ilə bağlı işində və qayğısında dəstəkləyərək məşğulluğun təmin edilməsi sahəsində və istedadlı gənclərin məsuliyyətli layihələrə cəlb edilməsində novator olub.
Bəzən elə görünür ki, Mehriban xanım isti və qayğı dolu bir baxışı ilə isidir, sakitləşdirir və ümid verir. Onun valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir. O, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.

Azərbaycan xalqı xeyirxahlıq və ümid mücəssəməsi olan öz birinci xanımı ilə fəxr etməkdə haqlıdır.

Təranə Paşayeva
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri
Psixologiya üzrə fəlsəfə doktoru

Baku.news