Rusiya Federasiyasına aviasiya texnikasının qanunsuz tədarükündə ittiham olunan Latviya vətəndaşı Oleq Çistyakov ABŞ-a ekstradisiya edilib. Bu barədə Amerika Ədliyyə Nazirliyi məlumat verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Çistyakov Rusiyaya Amerika aviasiya avadanlığının satışı, təmiri və tədarükü məqsədilə iki ABŞ vətəndaşı ilə sui-qəsd qurub. Çistyakov 20 ilə qədər həbsdə qala və 1 milyon dollar cərimə ödəyə bilər.
İttihama görə, Çistyakov amerikalılar Kirill Buyanovski və Duqlas Robertsonla əlbir olub, Rusiya təyyarələrindən istifadə edərək Amerika təyyarə avadanlığını alıb, təmir edib Rusiyaya və digər ölkələrə göndərib. Təqsirləndirilən şəxslərin müştəriləri olduğu iddia edilənlər arasında Rusiya FSB-nin də adı çəkilir. Buyanovski və Robertson 2023-cü ilin martında həbs ediliblər. Onlar günahlarını etiraf ediblər. Onların cəzaları payızda açıqlanacaq.
Mənbə: TASS