Bəzən idmanda yaş sadəcə rəqəmdir. Hövsan FHN İdman Sağlamlıq Mərkəzində keçirilən Taekwondo üzrə gənclər arasında Azərbaycan çempionatı yaddaqalan anlarla tarixə düşüb. Yarışda Abşeron komandasının idmançısı, Azərbaycanın tanınmış və məsuliyyətli məşqçisi Rauf Rəhimovun yetirməsi Elmir Səlimov böyük uğura imza atıb.
Bu yarışda rəqiblər böyük idi, iradə isə daha böyük. Cəmi 14 yaşı olan idmançı özündən yaşca və təcrübəcə böyük rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıb. Bu nəticə həm peşəkar hazırlığın, həm də güclü iradənin bariz nümunəsidir.
Rauf Rəhimovun rəhbərliyi altında formalaşan bu uğur bir daha sübut edir ki, düzgün məşq sistemi və intizamlı yanaşma gənc yaşda böyük nailiyyətlər qazandırır.
Qeyd edək ki, Elmir Səlimov bu il Yunanıstanın Afina şəhərində keçirilən Avropa çempionatında 2-ci yerə layiq görülüb.
Bu nəticələr bir daha göstərir ki, Abşeron komandası və Rauf Rəhimov məktəbi Azərbaycan idmanının gələcəyini formalaşdıran əsas mərkəzlərdəndir. Azərbaycan idmanının gələcəyi etibarlı əllərdədir.
















