Biz artıq regionda və dünyada gedən proseslərdə yaxından iştirak edir və layiqincə təmsil olunuruqbackend

Azərbaycanın regionda formalaşdırdığı əməkdaşlıq mühiti, o cümlədən Azərbaycan və Rusiya arasında imzalanan müqavilə region üçün yeni perspektivlər yaradır. Beynəlxalq əməkdaşlıq sahəsində baş verənlər ölkəmizin bölgədəki nüfuzunu, siyasi çəkisini və inkişafını özündə əks etdirməkdədir. 2021-ci ilin iyununda qardaş Türkiyə ilə bağlanan “Şuşa bəyannaməsi” və bu ilin fevralın 22-də “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin hər biri olduqca əhəmiyyətli sənəddir. Bölgənin ən böyük iqtisadiyyatına malik iki dövləti ilə əlaqələrin müttəfiqlik səviyyəsinə çatdırılması Azərbaycanın xarici siyasət kursunun böyük uğurudur. Diqqət yetirsək, bu bəyannamələr Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq üçbucağının strateji yol xəttidir. Sənədlərdə iqtisadi elementlərlə yanaşı, siyasi və təhlükəsizilk məsələləri ilə bağlı əməkdaşlıqların gələcək istiqamətləri də müəyyənləşdirilib. Məsələn, “Şuşa bəyannaməsi”ndə qeyd edilir ki, “Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar”. Bu amil, bölgədə davamlı sülhün bərqərarında əsaslı əhəmiyyət daşımaqdadır. “Şuşa bəyannaməsi”ndə bu bəndin əks olunması Türkiyə ilə Rusiyanın regiondakı fəaliyyətinə qarşıdakı dövr üçün əməkdaşlıq statusu qazandırır. Başqa sözlə, regionun inkişafı üçün ən mühüm amil olan sülhün və sabitliyin təmini istiqamətində iki dövlətin yeni müttəfiqlik platformasını formalaşdırır.

Azərbaycan dövlətinin müstəqil subyekt olaraq yaxın qonşuları ilə imzaladığı bu bəyannamələr bərabərhüquqludur və ortaq maraqlara söykənir. İmzalanan sənədlər tərəflərin bərabərhüquqlu əməkdaşlığına əsaslanır. Məsələn, Moskvada imzalanan bəyannamənin birinci bəndində deyilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. “Şuşa bəyannaməsi”ndə isə göstərilir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Bu, ölkəmizin regional aktor olaraq müasir beynəlxalq münasibətlər sistemində qazandığı uğurların və özü üçün müəyyənləşdirdiyi yerin təcəssümüdür. Digər tərəfdən, hər iki sənəddə tərəflər arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı müvafiq bəndlər yer almaqdadır. Bu, yarana biləcək hər hansı bir situasiyada qarşılıqlı olaraq ortaq maraqların müdafiəsinə şərait yaradır. Bu bənd, Azərbaycanın və müqavilə tərəflərinin milli mənafeyinə zidd olan hər hansı bir prosesi birmənalı şəkildə istisna edir. Nəticə etibarı ilə, imzalanan hər iki sənəd bölgənin təhlükəsizliyi və inkişafı üçün yeni üfiqlər açır.

Azərbaycan xalqının fikir verməli olduğu ən önəmli məsələlərdən biri də ondan ibarətdir ki, Prezident İlham Əliyevin başçılığı ilə dövlətin yürütdüyü xarici siyasət milli maraqlarımıza tam uyğundur və bütün şərtlər, meyarlar müəyyən edilərkən mövqeyimiz əks olunur. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə və ümumilikdə müstəqilliyimiz bərpa edildikdən bu günədək Ulu Öndər Heydər Əliyevin siyasi dəsti xətti üzrə həyata keçirilən hərtərəfli siyasətin nəticəsində Azərbaycan regionda söz sahibi olan dövlətə çevrilib. Biz artıq regionda və dünyada gedən proseslərdə yaxından iştirak edir və layiqincə təmsil olunuruq. Siyasətimizin təməlində Azərbaycan xalqının iradəsi, sülhün təmin edilməsi, təhlükəsizlik və inkişaf dayanır.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Şahin İsmayılov

Reklam 160×600 (Sağ)

Reklam 160×600 (Sağ)