“BİZ ONLARA YAŞAYAN QƏHRƏMAN OLDUQLARINI HİSS ETDİRMƏLİYİK”backend

Müharibə, ölüm, itki və s. buna bənzər hallar haqqında mütəxəssis kimi fikir bildirmək çox adi və rahat haldır. Amma, öz xalqımın başına gələn müsibətlərin psixoloji təsirindən danışmaq çox çətin və ağırdır. Xocalı soyqırımı Azərbaycanın qanlı tarixinə həkk olunduğu kimi, bu faciə eyni zamanda xalqımızın şüuraltında psixoloji travma kimi hələ də qalmaqdadır.

Xocalı soyqırımı yaxın tarix olduğundan xalqımız tam olaraq o təşviş halından azad ola bilmir, təşviş halını yox etməkdə çətinlik çəkir. Hətta, soyqırım günü yaxınlaşdıqca insanlarda travmayla bağlı somatik əlamətlər; baş ağrıları, əzələ ağrıları kimi əlamətlər ortaya çıxır.

Müharibənin psixoloji təsirlərini dəyərləndirdiyimiz zaman ondan təsirlənən insanları iki qrupa bölmək olar;

• Müharibədə birbaşa iştirak edən, fiziki təsirə məruz qalanlar
• Müharibədə birbaşa iştirak etməyən, mənəvi təsirə məruz qalanlar

Birinci qurup insanlar bu vəziyyətdən daha çox zərər görən insanlardır. Xocalı soyqırımı yaxın tarix olduğundan müharibədə xəsarət alan, yaxınlarını itirən, savaşan insanların çoxu hal-hazırda həyatdadırlar və fiziki şiddətin izlərini qismən də olsa bağlayıb, mənəvi şiddətin hələdə davam edən acısını çəkirlər. Bu insanlar illərdi yaşadıqları evlərindən didərgin düşdüklərindən onlarda məkana uyğunlaşma problemi davam edir və edəcək. Əgər psixoloji dəstək almazlarsa, bu insanlar artıq doğmalaşmış yerdə bələ daima özlərini yad kimi hiss edəcəklər. Onlarda ətrafdakı insanlara qarşı güvənsizlik, insanların onları aldadacaqları, nəyisə əllərindən alacaqları hissləri yaranır. Bu insanlar kimisə itirməkdən qorxurlar, xüsusən də ailə üzvlərinə aşırı bağlanırlar.

Müharibəni birbaşa yaşamış insanlarda gecə qorxuları, sosial və spesifik fobiyalar, travma sonrası stress pozuntusu müşahidə edilir. Hətda siz müharibədə birbaşa iştirak etmiş və xəsarət almış insanları izləsəniz onlardan bəzilərinin yığımcıl olduqlarını, əlinin bərk olduğunu görə bilərsiniz. Amma bu xüsusiyyət göründüyü kimi deyil, onlarda yaşanan təşviş halıyla bağlı , itirdiklərini bu yolla bərpa edə biləcəkləri düşüncəsi var. Belə insanlar stresslə bu yolla mübarizə aparırlar.

Müharibədən dolayı yolla təsirlənən insanlar, yəni bizim çoxumuzda da bu kimi psixoloji problemlər müşahidə olunur. Belə halların xalqımızın başına gəlməsi və bu durum qarşısında çarəsizliyimiz bizi qıcıqlandırır və gərginlik keçiririk. Səbəblər axtarmağa başlayırıq, suallara cavab tapmağa çalışırıq, qorxuruq, aqressiv oluruq, günahkar axtarırıq və s. hallar yaşayırıq. Cavab tapmadığımız hər bir situasiya bizi uçuruma sürükləyir. Və bu iş məhsuldarlığımızı azaldır, gündəlik həyat fəaliyyətimizi passivləşdirir, davranışlarımızı dəyişdirir, həyatdan zövq almamağa, pessimist düşüncələrə dalırıq. Onların başına nə gəldi? İtgin düşənlər hanı? Xəsarət alanlar necə yaşayır? Yaxınını itirənlər necə ayaqda qalır və s. bu kimi suallar müharibənin dolayı yolla təsirinə məruz qalan insanın psixi durumunu zədələyir.

Xocalı soyqırımında uşaq olanlar hal hazırda 28 yaşındadır. Yeni doğulan körpələrdən tutmuş uşaqlıq illərində bu hadisəyə şahidlik etmiş hər bir kəs o günün psixoloji travma izini hələ də daşıyır. Acı günlər keçirmiş süd verən anaların südünün kəsilmə ehtimalı 70% dir, təbii ki anidən süddən kəsilən körpə müharibədə olanları başa düşməsə də ana ilə olan bağının qopması ona müharibə qədər travma vermiş olur. Oyun oynayarkən anidən eşitdikləri silah səsindən diksinən uşaqların çoxunda depressiya, mutizm (anidən nitqin itməsi), kəkələmə, enurez ( altına qaçırma), davranış pozuntuları və s. psixoloji narahatlıqlar baş qaldırmışdır.

Bu gün, o insanlara psixoloji dəstək verə bilərikmi ? sualına “ əlbətdə ki, bəli” cavabı verə bilərəm. İlk öncə o insanların hüzn günü yanlarında olmalı, mənəvi dəstək verməli və acılarını bölüşməliyik. Bir sözlə bu soyqırımdan əziyyət çəkən hər bir vətəndaşla birlikdə olmalıyıq. Bu insanların başına gələn hadisələrə laqeyd qalmamaq, birgə sosial layihələr həyata keçirmək, psixoloji maarifləndirmə işləri aparmaq başlıca prinsiplərimiz olmalıdır.
Xocalı hadisəsindən mənəvi və psixoloji travma alan şəxslərlə ünsiyyətə girdiyimiz zaman onların öz ayaqları üzərində durduqlarını, yaşayan qəhrəman olduqlarını hiss etdirməliyik. Dünyasını dəyişən, tanıdığımız və ya tanımadığımız Xocalıların məzarlarını zirayət etməli və həmin ailələr ilə birlikdə olduğumuzu hər zaman göstərməliyik. Unutmamalıyıq ki, Xocalı faciəsi tək Xocalıların deyil bütün dünya Azərbaycanlıların faciəsidir.

Təranə Məmmədova
Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq