Biz Qarabağı və Zəngəzuru yenidən inşa edəcəyikbackend

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 5-i Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak ediblər. Beynəlxalq müstəvidə bu cür əhəmiyyətli bir layihənin məhz Ağdamda keçirilməsi olduqca böyük diqqətə layiqdir. Forumda 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insan iştirak edirdi. Hər bir nümayəndə Qarabağın vaxtilə ən böyük şəhəri olan Ağdamın işğal illərində necə dağıdılıb viran qoyulmasına öz gözləri ilə şahid oldular. Ağdamla yanaşı, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri də tamamilə erməni vəhşiliyinə məruz qalıb, dağıdılıb, bütün binaları yerlə-yeksan olunub. Yalnızca Şuşa, Laçın və qismən də Kəlbəcər şəhərlərində bütün binalar dağıdılmayıb. Ağdam Cümə məscidi isə yeganə binadır ki, minarələrindən Azərbaycan Silahlı Qüvvələrinin hərəkətlərini müşahidə etmək məqsədilə hələ tam dağıdılmamışdı. Bütün bu illər ərzində Ermənistan beynəlxalq hüquq normalarını və Cenevrə Konvensiyasının müddəalarını kəskin şəkildə pozaraq, müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə qanunsuz şəkildə məskunlaşdırma siyasəti aparırdı.

Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində millətimiz 28 ildən çox bir zmanda ciddi humanitar böhrandan əziyyət çəkib, Qarabağ, Zəngəzur və eləcə də, bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz ata-baba yurdundan etnik təmizlənməyə məruz qalıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, təşkilat nümayəndələri işğaldan azad olunmuş torpaqlarımıza gələrək erməni barbarlığını, vandalizm aktlarını öz gözləri ilə gördülər. Hazırda biz var gücümüzlə çalışırıq ki, keçmiş məcburi köçkün və qaçqınlarımızı öz ata-baba yurdlarına tez bir zamanda qaytaraq, bunun üçün olduqca sürətli şəkildə yenidənqurma işləri davam edir. Olduqca təəssüf hissi qeyd edək ki, qayıdış işlərinin sürətli davamı ilə yanaşı, minalar böyük çətinliklər yaradır.Müharibə iki ildir ki, başa çatıb və zaman ərzində təxminən 250 azərbaycanlı minaların qurbanı olub.

Prezident İlham Əliyev öz çıxışında BMT və ATƏT kimi aparıcı beynəlxalq təşkilatların bu münaqişənin həllindəki rollarından bəhs edərək vurğulayıb: “…BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə, bizim Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərimizə baxmayaraq, biz buna nail ola bilmədik. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib”. Bütün bunlara baxmayaraq, biz beynəlxalq hüququn beş prinsipi ilə Ermənistana sülh təklif etdik, lakin münaqişənin siyasi yolla həllinin mümkün olmadığını gördükdə, biz “Qarabağ Azərbaycandır!” şüarı altında gücümüzü müharibə meydanında sübut edərək, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək Azərbaycan özü beynəlxalq hüququ bərpa etdi. Bu səbəbdən də, Azərbaycan artıq bütün daxili işləri ilə bağlı qərarları heç bir beynəlxalq qurumla müzakirə etmədən qəbul edir.

Azərbaycan xalqı öz köklərinə və yurd-yuvalarına bağlı xalqdır. Keçmiş məcburi köçkünlərin hər biri öz doğma yurdlarına qayıdıb, orada yaşamaq istəyir və bu olduqca qürurvericidir. Prezident İlham Əliyev forumun açılış nitqində qeyd edib: “Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb”.

Son 28 ildə bizim ən əsas milli ideyamız işğal altında olan torpaqlarımızı geri qaytarmaqdan ibarət idi, lakin indi Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuzun, igid hərbçilərimizin və qəhrəman xalqımızın əməyi nəticəsində, biz ərazi bütövlüyümüzü tam təmin edərək Zəfər qazandıq. Artıq Ağdamda bir neçə evin, yaşayış binasının, min yerlik məktəbin və xəstəxananın tikintisinə başlanılıb. Bütün bu yenidənqurma, infrastruktur işləri nəinki Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda da görülür və beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən inşa edəcəyik. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi, bilik, təcrübə mübadiləsi, beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

 

YAP Nəsimi rayon təşkilatının əməkdaşı Aynur Şərif