“Biz texnologiya vasitəsi ilə terror aktının qarşısını ala bilərik…”backend

“İran İslam Respublikasında Azərbaycan səfirliyinə edilən terror aktı bunu deməyə əsas verir ki, hazırda informasiya təhlükəsizliyinin qorunması və kiberhücumlardan müdafiə edilməsi sahəsində ciddi tədbirlər görülməlidir. Biz informasiya təhlükəsizliyinin qorunması və kiberhücumlardan müdafiə edilməsi sahəsində olan boşluqlar üzərində araşdırma aparmalıyıq.” Bu fikirləri, bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini general-mayor Allahverən İsmayılov jurnalistlər açıqlaması zamanı deyib. Belə olan halda biz özümüzü kiberhücumlardan necə qorumalıyıq? Bu sahədə ölkəmizdə hansı çatışmazlıqlar mövcuddur?

Bu suallar ətrafında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Visiontv.az saytına açıqlama verib:

“ Hal – hazırda dünyada baş verən bütün ictimai proseslərdə artıq rəqəmsallıq öz həcmini artırıbdır. Bu gün bütün cinayət hadisələrini qabaqlamaq üçün texnologiyadan istifadə olunur. Bunlar ağıllı kameralar və onların qoşulduğu digər sistemlərin bir – biri ilə əlaqələridir.  Misal üçün, bir nəfər qapıdan içəri daxil olursa, artıq ağıllı kamera onu görür, tanıyır. Hətta insanın ruh halından bilir ki, şəxs daxilində hansı təlatümləri yaşayır. Adamın xoşməramlı və ya pisməramlı olmasını müəyyən edir. Ona görə kamera digər sistemlərlə inteqrasiya edir. Bir sözlə, biz hər yerdə rəqəmsallıq axtara bilirik. Rəqəmsallıqla  müəyyən hadisələrin qarşısını almaq mümkündür. Bununla bərabər hadisələrin törədilməsində iştirak edən şəxslər də texnologiyadan istifadə edirlər. Bu da isə artıq kibertəhlükəsizliklə əlaqəli bir mövzudur.  Hazırda istər informasiyanın ötürülməsində istərsə də hər hansısa kargüzarlığın, məlumatların qorunmasında və yayılmasında əsas rol rəqəmsallıqdadı. Bu gün rəqəmsallıq hər şeyə töhfə verdiyi üçün cinayətkarlar üçün də potensial bir texnologiyadır.  Bizsə bunu kibertəhlükə adlandırırıq. Belə cinayətləri işləyən şəxslərə də kiberterrorist kimi qəbul edirik. Həm də biz cinayətkarları etdikləri kiber hücumlara görə müxtəlif adlarla adlandırırıq. Bütün bu kibercinayətlərin qarşısını almaq üçün Azərbaycanda da bu texnologiya tərəqqi edir. Bu texnologiya inkişaf etdikcə onun potensial təhlükələri də yaranır.

Bu təhlükələrin qarşısının alınması üçün də kibertəhlükəsizlik üzrə mütəxəssislərimiz olmalıdır.  Misal üçün İranda baş verən hadisəni nəzərə ala bilərik. Orada bizim səfirliyimizə hücum edildi. Bir şəhidimiz iki yaralımız oldu.  Biz həmin hücum hadisəsini kameralar vasitəsi ilə müşahidə etdik. Ağıllı kameralar vasitəsi ilə aydın şəkildə görürük ki, orada qapıların açılması necədir. Və ya növbətçi otağında daha yaxşı texnoloji imkanlar vasitəsilə bu hadisənin qarşısını almaq olardı.  Yaxud da bayırda dayanmış polis əgər kifayət qədər texnologiyadan xəbər olsaydı o hadisə baş verməyə bilərdi. Eyni zamanda da o hadisəni törədən tərəf də ağıllı kameralardan öz məqsədi üçün faydalana bilər. Bu gün texnologiya həm cinayətkarlar həm də cinayətə məruz qalan tərəflər üçün potensial bir alətdir.  Buna görə də biz texnologiya sahəsində nə qədər tərəqqi əldə ediriksə bir o qədər də kibertəhlükəsizliyə cavab verən mütəxəssislər də o alətlərin tənzimlənməsində, infrastrukturun daha da mütəşəkkil işləməsində rol oynamalıdır. Bu səbəbdən də Azərbaycanda ciddi şəkildə kibercinayətkarlığa qarşı mütəxəssislərə böyük ehtiyac var. Həmin mütəxəssislər vasitəsilə beynəlxalq təcürbədə bu sahə üzrə ən yaxşı ölkələrlə məlumat mübadiləsi etməliyik.  Ola bilsin ki, biz müxtəlif ölkələrdən təcrübə əldə edək. Çünki bu sahə çoxşaxəli bir sahədir.

Kibertəhlükəsizlik sahəsində hər bir sahənin spesifik mütəxəsisləri olur.  Burada hər bir sistem individualdır. Buna görə də kibertəhlüləsizlik bütün sahələrə sirayət edə bilir. Bu sahədə kalifikasiyalı, təcrübəli mütəxəssislərə ehtiyac duyulur. Həmçinin də kibertəhlükəsizlik sahəsi hüdudsuz bir sahədir. Burada ölkələr, sərhədlər anlayışı yoxdur. Dünyanın bir ucunda dayanıb digər bir ucuna müdaxilə etmək mümkündür. Bu məsələdə də cinayətkar hər zaman cinayətkardır. Onun vətəni olmur. Sivil insanlar bir – biri ilə fikir müstəvisində mübarizə aparmalıdırlar. Bir – birinin əti – qanı və ya qətllər hesabına mübarizələr aparılmamalıdır. Dövrümüzün əsas tələbi inkişaf edən texnologiyanın eyni vaxtda düzgün məqsədlərlə təmin edilməsində kibetəhlükəsizlik məsələsi çox önəmlidir. Biz illər öncə kiberorduların yaradılmasının zəruriliyindən danışırıq. Müxtəlif dövlət qurumlarında böyük investisiyalar edilməlidir. Bu dövlət qurumları üçün çox önəmlidir. İnfrastruktur qorunmalıdır. Əgər düzgün proqram həlləri ortaya qoyularsa cinayətkarın adi mimikalarından belə müəyyən etmək olar. Hətta onun geyimindən və ən adi davranışlarından bu proqramlar vasitəsilə onun niyyətini bilmək olur. Bu proqramlar bir çox beynəlxalq psixoanalizlərdən uğurla keçibdir. Misal olaraq – ağıllı kamera vasitəsilə bir şəxsin bir avtomobilin ətrafında dəfələrlə gəzişməsi ilə bağlı polisə dərhal məlumat ötürülür.

Bu tip texnoloji imkanlardan istifadə etməklə bir çox cinayətlərin qarşısı alına bilər. Həmçinin bizim bütün xarici ölkələrdəki səfirliklərimizdə də texnologiyadan tam mənası ilə istifadə olunmalıdır. Hər bir istiqamətdə – ağılı kameralar, qapı tunriketləri  və bütün bunların birlikdə alt sistemə bağlanması eyni zamanda analitik sistemlərə malik olması çox mühümdür. Bir sözlə biz texnologiya vasitəsi ilə terror aktının qarşısını ala bilərik.  Hətta qarşımıza çıxa biləcək bütün təhlükələrin qarşısını texnologiyalar vasitəsilə önləmək imkanımız var.”