Bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idibackend

Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması, münaqişənin bitməsi xalqımızın tarixinə qızıl hərflərlə Zəfərimizi yazdı. Xalqımızın Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi, milli birliyi, vahid amal uğrunda birləşməsi nəticəsində 44 günlük Vətən müharibəsində 30 il ərzində silahlanmış, istehkamlar qurmuş düşmən üzərində Qələbəmizə nail olduq. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi və sübut etdi ki, Azərbaycan xalqı qələbəni döyüş meydanında əldə etdi. Artıq Zəfərimizdən, Şuşanın işğaldan azad olunması tarixindən iki il ötdü. Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökmüş oldu. Ümummilli Lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

Tarixi bir gündə noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Zəfər Günü münasibəti ilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı “Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”, – deyərək son iki il ərzində Şuşada on dəfədən çox olduğunu bildirib: “Hər dəfə Zəfər Yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki “Zəfər Yolu” adlandırdığımız yol cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb”. Həmin tarixi gündən bizi iki illik zaman ayırır. Şuşa işğal altına düşəndə Azərbaycan belə gücə malik dövlət deyildi. Azərbaycan iqtisadiyyatı böhran dövrünü yaşayırdı, ölkədə də hərc-mərclik hökm sürürdü. Bu gün Azərbaycan dünyada söz sahibi olan, güclü iqtisadi gücə malik olan qüdrətli dövlətdir. Mükəmməl ordusu olan dövlətdir. Orduya ayrılan xərclər onun maddi-texniki bazasını gücləndirmişdir. Ölkəmizdə vətənpərvər gənclər ordusu yetişmişdir. “Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geriyə addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi,hərbçilərimizin peşəkarlığı idi”, – deyə Prezident bildirib.

44 günlük Vətən müharibəsində Azərbaycan dünyaya siyasi və hərbi gücünü göstərdi. 2020-ci il noyabrın 10-da Azərbaycanın Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı.

Zəfər günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşada olması və oradan verdiyi mesajlar böyük əhəmiyyət daşıyır. Cənab Prezident bu şanlı tarixin bizimlə əbədi olacağını, Azərbaycan xalqı, gələcək nəsillərin bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklərini diqqətə çatdırmışdır. “Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilər, sizə borcluyuq, sizin kimi on minlərlə əsgər, zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir. Mən də Ali Baş Komandan kimi sizinlə fəxr edirəm”, – deyə Prezident çıxışında bildirib.

Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi və Prezident İlham Əliyev siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi. Güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasına səbəb oldu.

Heç şübhəsiz ki, Zəfər günündə Prezident İlham Əliyevin Ermənistanın havadarlarına ünvanladığı mesajlar da dövlət başçısının qətiyyətli mövqeyini bir daha ifadə etmiş oldu. Prezident İlham Əliyevin erməni xalqına ünvanlandığı mesajlarda bölgəmizdə sülhün və sabitliyin təmin edilməsinə çağırış Azərbaycanın sülhsevər siyasətinə dəlalət edir. Azərbaycan müharibə istəmir, əks təqdirdə “dəmir yumruq” həmişə yerindədir.

Bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərində abadlıq-quruculuq işlərini həyata keçirir. “Müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik”, – deyə Cənab Prezident bildirib.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini