Avropa İttifaqı Rusiyanın mayeləşdirilmiş təbii qazını (LNG) mərhələli şəkildə dayandırmağı və Rusiyadan alüminium idxalına qadağa qoymağı planlaşdırır.
Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinə görə, Rusiya alüminiumunun tədarükünə qoyulan məhdudiyyətlərin vaxtı və miqyası hələ müəyyən edilməyib. Rusiyadan LNG tədarükündən hansı formatda imtinanın planlaşdırıldığı da hələlik məlum deyil.
Mənbələr vurğulayıblar ki, Avropa İttifaqının 16-cı anti-Rusiya sanksiyaları paketi ilə bağlı təkliflər layihəsi hələ də müzakirə olunur və rəsmi dərc edilməzdən əvvəl dəyişə bilər.
Aİ həmçinin Rusiya məhkəmələrinə qarşı sanksiyaların tətbiqi və yeni Rusiya banklarının SWIFT transsərhəd ödəniş sistemindən ayrılması imkanlarını nəzərdən keçirir.