Bölgənin yeni inkişaf dövrü – Zəngəzur dəhlizinin regiona yaradacağı imkanlarbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışında bildirmişdir ki, “Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər, beləliklə onlar özləri özlərini saldıqları blokadadan xilas ola biləcəklər. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaqdır. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bu Zəfər hər kəsin ortaq zəfərinə çeviriləcəkdir”.

Zəngəzur dəhlizi region üçün böyük strateji əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Dəhliz, Bakı və Naxçıvan arasında gediş gəlişi rahatlaşdıracaq, eyni zamanda Azərbaycan iqtisadiyyatı üçün mühüm töhvə verəcək. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, bu da iki qardaş ölkə arasında olan bağın daha da güclənməsinə səbəb olacaq. Bundan sonra həm Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsinə, həm də Azərbaycan vətəndaşlarının qardaş Türkiyəyə gediş-gəlişi daha rahat olacaq. Azərbaycanın geoiqtisadi əhəmiyyəti Zəngəzur dəhlizinin bərpasından sonra daha da güclənəcək. Bir sözlə, dəhliz türk dünyasının uzun illərdən sonra yenidən birləşməsinə vəsilə olacaq.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı söyləyib: “Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik. Yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.

İki qardaş ölkə üçün, o cümlədən bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsi ilə bağlı inteqrasiya layihələrinin perspektivli olduğu hər kəsə məlumdur. Ona görə də, bu layihələrin reallaşdırılması üçün mütləq şəkildə dayanıqlı kommunikasiya əlaqələri qurulmalıdır ki, bunun üçün də bütün addımlar atılır. Bu istiqamətdə ən mühüm addımlardan biri məhz Naxçıvana quru dəhlizinin açılmasıdır. Dəhlizin açılması yuxarıda da qeyd etdiyim kimi, bütün region üçün perspektivli olacaq. Belə ki, Azərbaycanla Rusiya, Türkiyə, həm də İran arasında iqtisadi əlaqələrin inkişafı çox ciddi stimul almış olacaq. Təcavüzkar Ermənistan bu dəhlizin açılmasına heç cürə mane ola bilməz. Onlar istəsə də, istəməsə də bu dəhliz açılacaq və bunun üçün bütün hüquqi baza formalaşdırılıb. Xatırlatmaq istəyirəm ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Bu bəyanat tam şəkildə Zəngəzur dəhlizinin açılmalı olduğunu təsdiqləyir. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Ermənistan hakimiyyəti nə qədər ki, gec deyil bunu anlamalıdır.

Bu gün, Azərbaycan vətəndaşları tam əmindir ki, hazırda Azərbaycan Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində təkcə regionda deyil, dünyada yeni siyasi konfiqurasiyaların formalaşması üçün uğurlu addımlar atır. Buna görə də, Azərbaycan günü gündən həm iqtisadi, həm də siyasi müstəvidə nüfuzlu ölkəyə çevrilib.

Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini