Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, müasir dünyada ölkəmiz böyük nüfuza sahibdir. Dövlət başçısının liderlik keyfiyyətləri, qətiyyət və siyasi iradəsinin məntiqi nəticəsidir ki, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Dünyanın aparıcı dövlətləri və təşkilatlarının Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırmaları da təsadüfi deyil. Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa xüsusi önəm vermələri ölkəmizlə münasibətlərin, qarşılıqlı əməkdaşlığın qurulmasına olan marağın təzahürüdür.
44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması bir daha dünyaya Azərbaycanın gücünü, ən əsası da güclü Lideri olduğunu göstərmiş oldu. Tarixi Qələbəmizin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, bu yerlərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, onların məşğulluq imkanlarını artırmaq və digər məsələləri reallaşdırmaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, dövlət başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Milli Prioritetindən biri kimi müəyyən edilib. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunmasına hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr və s. öz əksini tapıb. Əlbəttə ki, müasir dövrün tələbləri nəzərə alınaraq mütərəqqi beynəlxalq təcrübə, nəzərə alınıb və Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Güclü iqtisadi inkişafa sahib olan Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb.Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya edilən köç, həmçinin Şuşada, Füzulidə və digər ərazilərdə görülən işlər bunu deməyə əsas verir. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikildi və çox keçmədi ki, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək. Beynəlxalq hava limanlarının Füzulidə, eləcə də Zəngilanda istifadəyə verilməsi Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməkdə iqtisadi gücə sahib olduğunu göstərir. Azərbaycan bu gün nəhəng quruculuq meydanında layihələri ilə sözü ilə əməlin vəhdət təşkil etdiyini dünyaya təqdim edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Azərbaycanda inşa ediləcək 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı olub.Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanan dayanıqlı inkişaf məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılıb. Sözügedən sənədin icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsi əzəli torpaqlarımıza dönəcək insanların rahat və təhlükəsiz yaşayış təminatına əsaslanır.
AZƏR SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

