NATO-nun Rusiya ilə ticarət əlaqələrinə görə Braziliyaya qarşı hər hansı sanksiya tətbiq etmək səlahiyyəti yoxdur və NATO-nun baş katibi Mark Ruttenin bununla bağlı açıqlamaları tamamilə yersizdir.
Bu barədə Braziliyanın xarici işlər naziri Mauro Vieyra CNN Brasil telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, Şimali Atlantika Alyansı ticarət sazişlərinə girməyən hərbi ittifaqdır. Nazir xatırladıb ki, Braziliya NATO-nun üzvü deyil.
Vieyranın fikrincə, Ruttenin açıqlamaları beynəlxalq ticarətin hazırkı nizamına ziddir. Braziliya, digər ölkələr kimi, ticarət məsələlərini ikitərəfli qaydada və ya Ümumdünya Ticarət Təşkilatı çərçivəsində həll edir, “buna görə də belə bəyanatlar tamamilə mənasızdır”.