Brüssel görüşü Azərbayanın milli maraqlarına tam uyğundur – Deputatbackend

Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün nəticəsi olaraq Ş.Mişel mətbuata bəyanat verib. Bu bəyanat Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, bu görüşün nəticələrini sülh müqaviləsinin imzalanması və sülh prosesinin bərqərar olması üçün növbəti bir uğur kimi dəyərləndirmək olar.

“5 saata qədər davam edən görüş Azərbaycanın beynəlxalıq normalara, o cümlədən BMT Nizamnaməsi, Helsinki Yekun Aktına uyğun olan 5 prinsip əsasında baş tutub. Bu görüşün digər bir vacib məqamı ondan ibarətdir ki, danışıqlar Azərbaycanın milli maraqlarına uyğun olan formatda keçirilib. Görüş zaman “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyinə təminat verəcəyini bəyan edib.

Azərbaycan tərəfi hər zaman bildirb ki, ölkədə yaşayan ermənilərin də Azərbaycanda yaşayan digər azsaylı xalqlar kimi hüquqları qorunur, dövlət tərəfindən onların təhlükəsizilinə zəmanət verilir”, – deyə deputat bildirib.

O qeyd edib ki, görüş zaman Azərbaycan üçün ən əhəmiyyətli məsələlərdən biri sərhədlərin delimitasiyası idi ki, bu məsələ bir daha görüş zamanı vurğulandı.

“Bildiyiniz kimi, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ən vacib məsələlərdən biri ərazilərin minalardan təmizlənməsidir. Təəssüflər olsun ki, Ermənistan tərəfinin verdiyi xəritələr səmərəli olmadı.

Eyni zamanda, görüşdə itkin düşmüş şəxslərin taleyi müzakirə olunub. Məlumdur ki, birinci Qarabağ müharibəsində Azərbaycanın 4 minə qədər itkin düşmüş vətəndaşı var və onların taleyi Azərbaycan üçün çox önəmlidir.

Eyni zamanda, görüşdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılması ilə bağlı müzakirələr aparılıb və razılığa gəlinib. Azərbaycanın irəli sürdüyü əsas prinsiplər görüşün əsas müzakirə mövzusu olub. Bu baxımdan, qeyd olunan məsələlərin Brüssel görüşündə müzakirəsi Azərbayanın milli maraqlarına tam uyğundur.

Bu görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti siyasi-diplomatik uğuru oldu. Eyni zamanda, görüş bölgədə sülhün bərqərar olması və təhlükəsizliyin təmin edilməsi üçün səmərəli olub”, – deyə S.Hüseynova əlavə edib.