Bu, Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsinə də əhəmiyyətli şəkildə təsir edirbackend

2026-cı ilin fevral ayının 10-11-də Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms David Vance rəsmi səfər çərçivəsində Azərbaycana gəldi. Bu səfər yalnız iki ölkə arasındakı normal diplomatik münasibətdən daha çox, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilir və Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsinə də əhəmiyyətli şəkildə təsir edir.

Cey Di Vensin Bakıya səfəri Vaşinqton tərəfindən regionda sülhün bərqərar olmasına dəstək, iqtisadi əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsi məqsədlərilə həyata keçirildi. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə yüksək səviyyəli görüşlər keçirdi və hər iki tərəf çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə etdi. Bu səfər həmçinin ABŞ-ın Cənubi Qafqazdakı sülh təşəbbüslərini dəstəkləmək üçün Ermənistan səfərindən dərhal sonra baş tutdu. Belə ardıcıllıq regionda davam edən sülh prosesinə və qarşılıqlı etimadın artmasına yönəlik ABŞ-ın prioritetlərini göstərir.

Səfər zamanı Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Bu sənəd iki dövlət arasında iqtisadi, siyasi və təhlükəsizlik sahələrində daha dərin əməkdaşlığa yol açır. Xüsusilə aşağıdakı sahələr bu sənəd çərçivəsində nəzərdə tutulur. Bunlar enerji təhlükəsizliyi və enerji əməkdaşlığı, təhlükəsizlik və terrorizmə qarşı mübarizə, texnologiya və süni intellekt sahəsində layihələr, müdafiə sənayesi və patrul gəmilərinin verilməsi kimi təhlükəsizlik yardımı kimi sahələrdir. Bu razılaşma eyni zamanda ABŞ-ın regionda nüfuzunu gücləndirmək, həmçinin Azərbaycanın enerji və nəqliyyat sektorunda artan rolunu dəstəkləmək niyyətini əks etdirir. Vensin səfərinin regional əhəmiyyəti daha geniş perspektivdə nəzərdən keçirilir. ABŞ Dövlət Departamenti səfərin əsas məqsədlərindən birini “TRIPP” (Trump Route for International Peace and Prosperity) layihəsini təşviq etmək kimi müəyyən etdi. Bu layihə Azərbaycanı Naxçıvanla birləşdirən yol-dəmir marşrutunu inkişaf etdirməyi, eləcə də Cənubi Qafqazı Avropa ilə daha sıx iqtisadi əlaqələrlə bağlamağı hədəfləyir.

Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Dövlətimizin başçısının ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanı prezidentlər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalamışdılar. Dövlətimizin başçısı mətbuata bəyanatında bildirib ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün İşçi Qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdı.  Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlarımız arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşəcəyinə ümidləri artırır. Qarşılıqlı səfərlər, imzalanan sənədlər, müxtəlif tərkibdə heyətlərin görüşləri, əməkdaşlığın istiqamətlərinin müzakirəsi gələcək münasibətimizin aydın mənzərəsini təqdim edir. İkitərəfli gündəlik zəngindir. Gündəliyə daxil olan məsələlər həm Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə məhdud və geniş tərkibdə görüşlərində, həm də dövlətimizin başçısının fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən geniş müzakirə edildi. Prezident İlham Əliyev həmin qəbulda Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsindən, malik olduğu iqtisadi potensialdan səmərəli istifadə edərək dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfələrindən, hazırda 16 ölkəyə qaz ixrac etməsindən, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlardan, hazırda malik olduğu bərpaolunan enerji potensialının yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açmasından geniş bəhs etdi. Bu reallıqlar fonunda vurğulandı ki, əlaqələrimizin hərtərəfli inkişafı üçün böyük potensial var. Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə mətbuata birgə bəyanatında isə bu reallığa diqqəti yönəltdi ki, Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. İmzalanan Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri