DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
İctimai.az xəbər verir ki, Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə – 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li məktəb), Laçın (şəhər 2 №-li və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1 və Quba – 1 rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 233 imtahan binası, 4158 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və ümumi rəhbər, 5193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233 bina nümayəndəsi ayrılıb.
Bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzi ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahan keçirib.
İmtahanda 55 887 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır. Bundan əlavə, 1 nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.