Bu gün azad edilmiş ərazilərimizdə müasir şəhər planlaşdırılması həyata keçirilirbackend

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb etmişdir. Belə ki, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı zamanı şəhər və kəndlərimiz qəsdən dağıdılmış, mədəni və dini abidələrimiz talan edilmişdir. Bu gün Qarabağda aparılan yenidənqurma və bərpa işləri müasir texnologiyaların tətbiqi baxımdan çox yüksək qiymətləndirilir.

Bununla bağlı olaraq Prezident İlham Əliyev Polşanın Katovitsa şəhərində işə başlayan Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış  etmişdir. Birləşmiş Millətlər Təşkilatının Yaşayış Məskənləri Proqramının təşkil etdiyi bu nüfuzlu beynəlxalq konfrans şəhər və yaşayış məskənlərinin inkişafına həsr olunub.

Ölkə başçısı videoformatda çıxışı zamanı Ermənistanın işğal dövründə törətdiyi vandalizm nümunələrinə toxunaraq bildirmişdir ki, “Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.”

Bu gün isə azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirilir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyaları tətbiq olunur.

Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılmışdır ki, bu ilin may ayından da başlayaraq Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. Bu kənd dünyanın ən məşhur “ağıllı kənd”ləri ilə ayaqlaşa biləcək.

Ümumiyyətlə, bütün “ağıllı” kənd və şəhər layihələri elə düşünülmüşdür ki, sakinlər doğma yurdlarına dönənə kimi əsas problemlər həllini tapsın. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə layihələrin həyata keçirilməsi üçün kifayət qədər vəsait xərcləməklə yanaşı, müasir dünya təcrübəsindən faydalanır, nüfuzlu xarici şirkətləri əməkdaşlığa dəvət edir.

Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyinə həsr olunmuş cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbirin təşkili də bizim BMT ilə əməkdaşlığımıza dövlət səviyyəsində verilən yüksək qiymətin təzahürüdür.

“Ümumilikdə, yenidənqurma prosesində bizim hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq.” deyə vurğulayan ölkə rəhbərinin çıxışında Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanının inşa edilməsi, işğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisinin aparılması müasir şəhər planlaşdırmasını özündə əks etdirir. Həmçinin deyə bilərik ki, azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı isə onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.

Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edilir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.

Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bununla əlaqədar Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilmiş, qardaş Türkiyə, həmçinin digər dövlətlərlə bir çox genişmiqyaslı layihələr isə həyata keçirilməkdədir.

 

Xaliq Hüseynov

YAP Nəsimi rayon ƏİPT sədri