Bu gün Azərbaycanda internet probleminin yaranmasına səbəb nə olub? – Osman Gündüzün CAVABIbackend

“DeltaTelecom-da bu gün internetlə əlaqəli qəza məhz hansısa bir şirkət əməkdaşının bu cür məsuliyyətsiz, rabitə qaydalarını pozan hərəkəti nəticəsində baş verib”.

Osman

Busaat.az xəbər verir ki, yuxarıdakı fikiri bu gün ölkədə yaranmış internet problemi ilə bağlı öz “Facebook” səhifəsində Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazıb.

Osman Gündüz problemin məsuliyyətsizlikdən qaynaqlandığını qeyd edib:

“İnformasiya təhlükəsizliyi kiminsə bir dəmir trubanı torpağa basdırmasından, kiminsə rabitə qaydalarına məsuliyyətsiz yanaşmasından asılı olmalıdırmı?

Təsəvvür edin, birdən kiminsə ağlına gəlir ki, küləyin yıxdığı bir yolka ağacına dəstək üçün uzun bir dəmir trubanı ağacın dibinə basdırsın. Ağacın altındakı torpaqdan isə ölkə əhəmiyyətli rabitə xətləri keçir. Bununla əlaqəli heç bir xəbərdarlıq nişanları da yoxdur.

Ümumiyyətlə son zamanlar müşahidə olunur ki, yeni tikinti-abadlıq işləri aparılan zamanı və sonrakı dövrlərdə torpaq altında rabitə xətlərinin olması ilə bağlı xəbərdarlıq nişanları qoyulmur.

Belə nişanlar olsa da, bir müddətdən sonra kimlərsə onları kənarlaşdırır. Nəticədə isə həmin rabitə xətləri, ölkənin böyük bir hissəsini internetlə təmin edən rabitə kabeli hansısa bir təsadüf və ya məsuliyyətsizlik ucbatından zədələnir və bununla da ölkə ərazisinin bəlli hissələrində internet və rabitə problemi yaşanır.

Bildiyim qədər DeltaTelecom-da bu gün internetlə əlaqəli qəza məhz hansısa bir şirkət əməkdaşının bu cür məsuliyyətsiz, rabitə qaydalarını pozan hərəkəti nəticəsində baş verib.

“DeltaTelecom”a məxsus, böyük həcmdə ötürücülük qabiliyyətinə malik fiber-optik xətt torpağa basdırılan bir ağac dəstəyinin güdazına gedib və sıradan çıxarılıb.

İnzibati Xətalar Məcəlləsində Rabitə qaydalarını pozmağa görə cüzi cərimələr nəzərdə tutulub. Təsəvvür edin ki, kimsə bir neçə yüz manatlıq cərimə ilə ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhdid yarada bilir.

Bu nə dərəcədə doğru bir haldır?

Xatırlayıram ki Avropa Oyunları zamanı Mingəçevir-Bakı arasındakı rabitə xəttini qorumaq üçün Operator xəttin torpaq altdan keçdiyi bütün yollar boyu onlarla maşınların və canlı qüvvənin növbətçiliyini təşkil edilmişdi.

Yəni, torpağın altı ilə çəkilən kabeli qorumaq üçün onun üstü ilə kilometrlərlə məsafədə maşınlar və canlı qüvvə düzülmüşdü. Fikrimcə belə yanaşma ilə çox uzağa getmək olmaz, normal qaydalar, sərt cəzalar olmalıdır. Düşünürəm ki NRYTN və digər əlaqəli qurumlar yeni çağırışları nəzərə alaraq bu tip məsələlərə yenidən yanaşılmalıdır.

Telekommunikasiya infrastrukturunun alternativliyi məcburi, mütləq tələb olmaqla bərabər onun mühafizəsi üçün də konkret addımlar atılmalıdır”.

Cərimələrimələrin sərtləşdirilməsii tələb edən Osman Gündüz, xəbərdarlıq nişanlarının məcburiliyini vurğulayıb:

“Telekommunikasiya xəttinin sahibi üçün xəbərdarlıq nişanlarının qoyulması məcburi olmalıdır. Nişanları götürənlərə qarşı şərt cəzalar müəyyən olunmalıdır. İnfrastrukturun mühafizəsi üçün yeni, innovativ həllər tətbiq edilməlidir.

Ümid edirəm ki, NRYTN bu gün Azərbaycan İnternetində baş verən, ölkənin informasiya təhlükəsizliyi üçün təhdid hesab olunacaq bir məsələ ilə bağlı rəsmi açıqlama verəcək”.