Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcəkbackend

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

İctimai.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil edilir.

İmtahan vermək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə 1 770 olmaqla, ümumilikdə 2 242 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Əlavə əşyalar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.