Bu hadisələrə yanaşma, çeviklik və səmərəlilik hər bir dövlət üçün çox əhəmiyyətli amildirbackend

İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərlə bağlı fikirlərini Editor.az-a bölüşən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirir:

İstər qanunvericilik bazasının təkmilləşdirilməsi, istər mövcud qanunvericiliyin tətbiqi baxımından kifayət qədər uğurlu işlər görülür. Son dönəmdə İnsan Hüquqları üzrə Müvəkkili institutunda dəyişikliklərin müsbət dinamikası daha çox nəzərə çarpır. Ombudsman Səbinə Əliyeva sonuncu dəfə cari ilin mart ayında “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsi ilə Milli Məclis qarşısında çıxış edib. Buradan da Ombudsman və onun aparatının peşəkar fəaliyyəti aydın şəkildə görünürdü. Səbinə Əliyeva Ombudsman seçildikdən sonra dövlətin islahatlar prosesinə dəstək vermiş və ciddi uğurlar nümayiş etdirib”.

Millət vəkilinin sözlərinə görə cərəyan edən hadisələrin əksəriyyəti insan hüquq və azadlıqlarını əhatə edir:

“Bu hadisələrə yanaşma, çeviklik və səmərəlilik hər bir dövlət üçün çox əhəmiyyətli amildir. 44 günlük Vətən Müharibəsi zamanı ölkəmizə qarşı sərgilənən qərəzli mövqelər, düşmən diasporunun təxribatları ifrat dərəcədə idi. Bu zaman Ombudsmanın qarşısında çox ciddi vəzifələr dururdu. Görülən işlərin nəticəsində bütün bu vəzifələrin yüksək səviyyədə icrasının şahidi olduq. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynamaqla yanaşı, yaranmış əlverişli mühitlə bağlı reallığı əks etdirən hesabatları hazırlayaraq təqdim edir. Azərbaycan dövləti bu sahəni xüsusilə diqqətdə saxlayır. Dövlətin ayrı-ayrı strukturları bu istiqamətdə çatışmazlıqların aradan qaldırılması üçün işlər görür. Ombudsmanın ixtisaslaşdırılmış şəkildə həyata keçirdiyi fəaliyyət isə bu işdə dövlət siyasətinin icrasına böyük töhfələr verməkdədir. Azərbaycanda Ombudsmanın vətəndaşların və eyni zamanda dövlətin mənafeyinə hesablanmış fəaliyyəti şəffaflığı ilə seçilir”.