“BUTA” İctimai Birliyindən ABŞ Senatına etiraz bəyanatıbackend

“BUTA” Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara və Yeniyetmələrə Dəstək İctimai Birliyinin Amerika Birləşmiş Ştatlarının Prezidentinin saxta “erməni soyqırımı”ilə bağlı çıxışına etiraz bəyanatı hazırlayıb. Bəyanatı təqdim edirik.

Amerika Birləşmiş Ştatları Senatına

“BUTA” Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara və Yeniyetmələrə Dəstək İctimai Birliyinin Amerika Birləşmiş Ştatlarının Prezidentinin saxta “erməni soyqırımı”ilə bağlı çıxışına etiraz

BƏYANATI

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden saxta “erməni soyqırımı”nı siyasiləşdirərək təcavüzkar və faşist Ermənistanın tərəfdaşı kimi çıxış etdi.

Böyük güc mərkəzlərinin yardımı ilə Azərbaycan ərazisində məskunlaşdırılan ermənilər 200 ildən çoxdur ki, mifiq “Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya, soyqırımlar həyata keçirtmişlər.

Xalqımıza qarşı törədilən ən dəhşətli soyqırımlardan biri 1918-ci ilin mart – aprel aylarında Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə törədilmiş, 700 mindən çox soydaşımız qətlə yetirilmişdir.

29 il öncə, 1992-ci il fevralın 26-da erməni faşistləri, Rusiyanın 366-cı alayının fəal iştirakı ilə görünməmiş vəhşilik və amansızlıqla 7 min əhalisi olan Xocalı şəhərində Azərbaycanlılara qarşı soyqırım törətdilər. Xocalı soyqırımı ermənilərin barbarlığının və Türk millətinə qarşı genetik koddan doğan nifrətə söykənən növbəti bəşəri cinayət idi.

”Erməni soyqırımı” ideologiyası qardaş Türkiyəyə təzyiq vasitəsi və ədalətsizliyin, saxtakarlığın, ikili standartların nümunəsidir.

Amerika Birləşmiş Ştatlarının rəsmi dairələrini erməni silahlı qüvvələri və terror təşkilatlarının Türk dünyasına qarşı törətdikləri soyqırımlara hüquqi və siyasi qiymət verməyə səsləyirik. Bu, ədalətin və haqqın təsdiqi olardı.

“BUTA” Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara və Yeniyetmələrə Dəstək İctimai Birliyi adından Günay Ağamalı, sədr.

26 Aprel 2021 – ci il.