Bütün dünyaya göstərəcəyik ki, dövlət öz torpaqlarını necə gözəlləşdirir, inkişaf etdirir – Deputatbackend

Tarixi Azərbaycan torpağı olan Hadrut qəsəbəsinin işağaldan azad edilməsi xalqımız üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mənəvi-psixoloji sarsıntı yaşayan Ermənistan rəhbərliyi Hadrut üzərində yalan informasiyaları alət edirdi. Bunun səbəbi isə buranın hərbi, siyasi və mənəvi baxımdan strateji əhəmiyyət daşıması idi. qəhrəman əsgər və zabitlərimiz düşməni Hadrutdan qovdu. Ermənistan rəhbərliyi isə hərzamankı kimi öz fəaliyyətini yalanlar üzərində qururdu. Ali Baş Komandanın əmri ilə Hadrutda Azərbaycan bayrağı qaldırıldıqdan sonra düşmən ifşa olundu. Cənab Prezident Hadrut qəsəbəsində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən 1 il əvvəl baş verən bu hadisələr barədə vətəndaşlara dəqiq məlumatları bəyan etdi. Onu da qeyd edək ki, xalqımız Müzəffər Ali Baş Komandanın çıxışlarını qürurla dinləyir. Çünki, bu çıxışların hər biri tarixi həqiqətlərin ən ali səviyədə xalqa çatdırılmasına xidmət edir.

İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov Prezidentin Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, Ölkə başçısının Xocavənd rayonunun Hadrut və Tuğ qəsəbəsinə səfəri bir sıra hadisələrlə yadda qaldı: Qəsəbədə yeni məscidin təməlinin qoyulması ona işarə edir ki, Azərbaycan dövləti dini dəyərlərə sadiqdir və işğaldan azad etdiyi torpaqlarda infrastrukturun yenilənməsi zamanı da bunu nəzərə alır. Ölkə başçısının “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyması, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olması kimi hadisələrin hər biri işğaldan azad edilmiş torpaqlara yenidən həyatın qayıtmasını simvolizə edir. Görüşdə diqqət çəkən məqamlardan biri də o idi ki, Dövlətimizin başçısı tarixçilərə Hayastanla bağlı araşdırmalar etməyə göstəriş verdi.

Şahin İsmayılovun sözlərinə görə, Prezident çıxışında bir çox vacib məsələləri qeyd edərək Ermənistan rəhbərliyinə ciddi siyasi mesajlar ötürdü: O, Ermənistan rəhbərliyinin torpaqlarımızı işğal altında saxladığı müddətdə xaricdə yaşayan ermənilərdən topladığı milyardlarla məbləğdə ianələrin mənimsənilməsi, habelə onların oğruluq siyasətini, işğal, müharibə və postmüharibə dövründə erməni yalanlarını işfa etdi.

“Ali Baş Komandan qeyd etdi ki, ermənilər Şuşanı bütün dünyaya öz şəhəri kimi qələmə verməyə çalışırdılar, bu gün də çalışırlar. Bunun ardınca isə erməni yalanını ifşa edən bir sual ünvanladı – Əgər sənin şəhərindirsə, niyə bu gündədir?! Vətən müharibəsində öz hərbi və siyasi gücümüzü göstərdiyimiz kimi, bütün dünyaya göstərəcəyik ki, dövlət öz torpaqlarını necə gözəlləşdirir, inkişaf etdirir” – deyə Şahin İsmayılov əlavə edib.