Cəbrayıl qazi və veteranları şəhid Səbuhi Əsədovun məzarını ziyarət edibbackend

Bu gün Vətən müharibəsində şəhid olan Səbuhi Əsədovun 22 yaşı tamam olur. Bu münasibətlə yaşadığı evin qarşısında şəhidimizin anım günü ilə bağlı salınan bulaq kompleksinin açılışı olub.

İctimai.az xəbər verir ki, “Qarabağ Qaziləri” İctimai Birliyinin Cəbrayıl filialı üzrə bir qrup qazi və veteranı şəhidin məzarını ziyarət edib, gül dəstəsi qoyulub, şəhidimiz başda olmaqla,  bütün şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra Cəbrayıl qaziləri şəhid Səbuhi Əsədovun xatirəsinə salınan bulaq kompleksinin açılışında iştirak edib. Birliyin Cəbrayıl filialı üzrə sədri İxtiyar Hüseynov, Milli Məclisin deputatı Ceyhun Məmmədovun köməkçisi Rəşad Quliyev və digər rəsmilər çıxış edib.

Qeyd edək ki, ailənin sonbeşiyi, üç bacının tək qardaşı olan Səbuhi 1999-cu ildə dünyaya göz açıb. 2019-cu ildə hərbi xidmətə çağırılıb və müharibə başlanan zaman Mingəçevir rayonunda xidmətdə olub. Əsədovlar ailəsi Səbuhinin şəhidlik xəbərini oktyabrın 10-da alıb. O, doğulduğu Suraxanı rayonunda, Bülbülə Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!