Cəbrayıl qaziləri və veteranları Şəhidlər Xiyabanını ziyarət ediblərbackend

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir.

Otuz bir il əvvəl yanvarın 20-də ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə qovuşmağa can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.

İctimai.az xəbər verir ki, “Qarabağ Qaziləri” İctimai Birliyinin Cəbrayıl filialından olan bir qrup qazi və veteranlar “20 Yanvar” faciəsi ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.