Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Qarabağ Gənclər Birliyi” dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi tərəfindən icra olunan “Gənclər Qarabağda” layihəsi Cəbrayıl rayonunda davam edib.
Layihənin məqsədi azad edilmiş ərazilərdə gənclərin aktivliyini artırmaq, onların regionun sosial-iqtisadi inkişafında iştirakına stimul verməkdir.
Səfər zamanı gənclər Cəbrayıl şəhərində yenidən qurulan təhsil infrastrukturuna baxış keçiriblər. Onlar müasir tələblərə uyğun inşa edilən Mehdi Mehdizadə adına orta məktəbdə yaradılmış şəraitlə tanış olublar. Gənclərə yeni laboratoriyalar, kompüter otaqları və hərbi təlim sinifləri təqdim edilib.
Görüşdə gənclərə həmçinin Cəbrayıl rayonunda həyata keçirilən bərpa və urbanizasiya layihələri haqqında məlumat verilib. Tədbirin sonunda iştirakçılar Qarabağın gələcəyi ilə bağlı öz təklif və ideyalarını paylaşaraq, ölkənin davamlı inkişafına töhfə vermək istəklərini ifadə ediblər.












