Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldıbackend

Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənddə Azərbaycan bayrağını ucaltmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyi prosesini tam yekunlaşdırdı. Bu addımla dövlət başçısı həm də postsovet məkanında bir ilkə imza atdı. Belə ki, ərazisində yaradılan qondarma və separatçı qurumu məhv edən dövlət oldu. 2003-cü il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçilən İlham Əliyevin verdiyi ilk bəyanat məhz Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqların azad olunması ilə bağlı idi. Son 20 ildə regional və qlobal müstəvidə mövqelərini inamla möhkəmləndirən Azərbaycan bu illər ərzində güclü iqtisadiyyata və orduya malik dövlətə çevrildi, beynəlxalq münasibətlər sistemində nüfuzlu və ciddi təsir imkanlarına malik önəmli ölkələr sırasında yer aldı. Azərbaycan Prezidenti İlham Əliyev dövlətin ərazi bütövlüyünü və ölkənin bütün əraziləri üzərində suveren hüquqlarımızı təmin etməklə onu tək Cənubi Qafqazda deyil, bütövlükdə postsovet məkanında ən qüdrətli dövlətə çevirdi. Artıq nə “Qarabağ münaqişəsi”, nə də “Dağlıq Qarabağ anlayışı” var, necə deyərlər, bunlar tarixin arxivinə gömülüb. Bu ideyanı ortaya atan daşnak-faşist rəhbərliyi tək Azərbaycana qarşı deyil, elə erməni xalqı üçün də saysız-hesabsız problem yaratmışdılar. “Xalqlar həbsxanası” ifadəsi ilə anılan keçmiş SSRİ-nin yaranması tək Azərbaycanın müstəqilliyini deyil, həm də onun əzəli torpaqlarını itirməsi ilə nəticələndi. Tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət, indiki Azərbaycan ərazisində isə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. 70 il Azərbaycan ərazisində yaşayan ermənilər və Ermənistan ümid etdi ki, bu torpaqlarda ikinci dövlət qurmağa müvəffəq olacaqlar. Tarixə “fürsətcil” xalq kimi düşən ermənilər üçün belə fürsət SSRİ-nin dağılması ərəfəsində yarandı. SSRİ rəhbərliyinə gətirilən Mixal Qorbaçovun ermənipərəst siyasəti nəticəsində ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar. Separatçı çıxışı səsləndirən də elə Qorbaçovun erməni müşaviri Abel Aqanbekyan oldu. Qarabağın Azərbaycanın tabeliyində olmasının mümkünsüzlüyünü iqtisadi cəhətdən əsaslandırmağa çalışdı. Maraqlıdır ki, Qarabağ avantürasını ortaya atan müşavir bununla bağlı müsahibəsini sovet mediasına deyil, Fransa nəşrlərindən birinə verdi. Bəli, yenə də Fransa! Onda da Fransa, indi də! Göründüyü kimi, erməni bədbəxtliyinin əsasını qoyan da, indi davam etdirən də Fransadır.

Azərbaycan Prezidenti  İlham Əliyevin işğaldan azad edilən Xankəndidə oktyabrın 15-də etdiyi çıxışda məhz bu məsələni qabartması da təsadüfi deyil. Ölkə Prezidenti bildirdi ki, məhz Ümummilli Lider Heydər Əliyev 1987-ci ildə vəzifəsindən kənarlaşdırıldıqdan sonra cəsarətə gələn ermənilər DQMV-nin Azərbaycandan Ermənistana verilməsi təşəbbüsü ilə çıxış etdilər: “Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər, bax, bu meydanda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilmişdir və bütün bunlar millətçiləri daha da ruhlandırırdı. Ermənistandan buraya durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı”.

1990-cı illərin əvvəllərində Azərbaycan xalqı ikinci dəfə qazandığı müstəqilliyi əldən vermək üzrə idi. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC- Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəmizi anarxiya, xaos və hərc-mərcliyə sürükləyirdi. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulurdu. 1993-cü il iyunun 4-də Gəncədə başlayan qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bir addımlığınadək gətirmişdi. AXC-Müsavat iqtidarı bunun qarşısını almaq üçün heç bir iş görmək gücündə deyildi. Gəncə hadisələrindən sonra xalq Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini israrla tələb və xahiş edirdi. O zaman dövətimizin nicat yolu Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində, xalqımızın ümid yeri isə o böyük insanın siyasi dühasında, liderlik məharətində, dövlətçilik təcrübəsində şəxsi keyfiyyətlərində idi. Hər zaman xalqının yanında olan və onun arzularını reallaşdıran Ulu Öndər 1993-cü il iyunun 9-da muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ümidlərini özünə qaytardı. Həmin gün sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Məhz milli tariximizin bu unudulmaz günündə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi.

1993-cü ildə qüdrətli Azərbaycan dövlətinin əsasları formalaşdırıldı və gələcəyə ümid işığı yandı. Torpaqlarımızın işğal altına düşməsindən sonra öz yaralarını sarmağa başlayan xalqımız öz lideri ilə gələcəyə daha nikbin baxırdı. Məhz bunun nəticəsidir ki, o illərdə Azərbaycanın inkişafının əsası qoyulmuş, 2003-cü ilə qədər güclü dövlətin sağlam təməlləri atılmışdır. Bu həmin təməldir ki, indi onun üzərində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan dövləti dayanır. Məhz bu gün qalib Azərbaycanın bayrağı bütün Qarabağda – Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərədə, Sərsəng və digər torpaqlarda da dalğalanır.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri