“The Telegraph” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Çin illərdir Britaniya baş nazirlərinin köməkçilərinin mobil telefonlarını dinləyib.
Qəzetin məlumatına görə, Çin tərəfindən maliyyələşdirilən hakerlər iddia edir ki, 2021-ci ildən 2024-cü ilə qədər Boris Conson, Liz Truss və Rişi Sunakın köməkçilərinin mobil cihazlarını izləyiblər. Qəzet onların baş nazirlərin telefonlarına daxil olub-olmadığını dəqiqləşdirmir.
Bu arada, ABŞ kəşfiyyat mənbələri “The Telegraph”a bildiriblər ki, Pekin Böyük Britaniyanın yüksək vəzifəli məmurlarına qarşı dinləmə əməliyyatını davam etdirir. Buna görə də, hazırkı Baş nazir Keyr Starmer və onun müşavirləri də təhlükəyə məruz qala bilər.
Məqalədə qeyd olunur ki, hakerlər yüksək vəzifəli məmurların zənglərini dinləyə bilməsələr belə, nə vaxt və kimlə əlaqə saxladıqlarını aşkar edə biləcək məlumatlara çıxış əldə etmiş ola bilərlər.















