Çin olan xəyallarımızın Xəyal adlı körpüsü…backend

Vətən – bir millətin illər boyu yaşadığı, varlığının, mənəviyyatının, milli birliyinin öz doğma torpağı ilə qovuşduğu məkan, xüsusi sevgi və hörmətə layiq olan müqəddəs bir yerdir! Ana Vətənimiz Azərbaycan, bizim şanlı tariximiz, azadlığımız və şərəfimizdir! Öz həyatını təmiz vicdanla, insani dəyərlərə sadiq qalaraq yaşayan hər bir insan üçün, Vətən adı çox ülvi, pak və müqəddəs bir addır!

Daxilində yüksək əxlaqi keyfiyyət daşıyan əsl vətəndaş isə, öz Vətənini sidq-ürəklə, bütün ruhu ilə sevir və onun azadlığı, toxunulmazlığı uğrunda hər an canından keçməyə hazır olur!

Adını böyük hörmət və ehtiramla yad etdiyimiz nur üzlü şəhidimiz, xalqımızın qeyrətli oğlu, Xəyal Rəhimli kimi…

Əziz həmvətənlərim, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə apararaq haqqın dərgahına qovuşan müqəddəs şəhidlərimiz haqqında ardıcıl yazılarımın növbəti qəhrəmanı, doğma kəndimiz Əlinəzərlidə kiçikdən-böyüyə hər kəsin yaxşı tanıdığı, özünə hörmət qazanmağı bacarmış, mənim də ən yaxın qohumlarımdan biri olan, şəhid Xəyal Rahil oğlu Rəhimli olacaq.

Xəyal Rahil oğlu Rəhimli, 09 iyun 1992-ci ildə Beyləqan rayonu Orta Əlinəzərli kəndində, sadə, halal ruzi qazanmaqla dolanan, zəhmətkeş bir ailədə dünyaya göz açmışdır.

O, 1999-cu ildə şəhid Kərəm Əliyev adına Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.

Xəyal qardaşımın ibtidai sinif müəllimi, əsl ziyalı nüfuzuna sahib, müəllimlər müəllimi, şəxsiyyətinə çox böyük hörmət bəslədiyim bir insan, el ağsaqqalı Mayor müəllim olmuşdur.

Şəhidimiz, 2008-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək, fərdi əmək fəaliyyətinə başlamışdır.

O, 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılmış və Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. Xidmətdə olduğu müddətdə, Xəyal öz nizam-intizamı, yüksək şəxsi keyfiyyətlərinə görə yuxarı komandanlıq tərəfindən fəxri fərmanlar, təşəkkürnamələr və digər həvəsləndirici mükafatlarla təltif edilmişdir. Hərbi sirri qorumağı bacaran, nümunəvi bir əsgər kimi hərbi hissə rəhbərliyinin və əsgər yoldaşlarının yanında hörmət qazana bilmişdir. Xəyal Rəhimli, 2012-ci ildə ordu sıralarından tərxis edilmişdir.

Hərbi xidmətini başa vurduqdan sonra, doğulub, boya-başa çatdığı doğma Əlinəzərli kəndinə qayıdan Xəyal, fərdi təsərrüfatlarında çalışmağa başlayıb. O, bütün kənd sakinlərinin rəğbətini qazanmışdı. Xaraktercə çox sakit, üzüyola və səmimi olması, onu hər kəsin sevimlisinə çevrilmişdi. Elə, bu məziyyətləri səbəbindən də, hamı Xəyala hörmətlə yanaşırdı. Bəli, şəhid qardaşım Xəyal saf ürəkli, təmiz vicdanlı və olduqca xeyirxah bir insan idi! Onun qəlbində valideynlərinə, əzizlərinə və doğma el-obasına qarşı xüsusi bir sevgi, məhəbbət var idi.

Bildiyimiz kimi, 27 sentyabr 2020-ci ildə təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri tarixi torpaqlarımızda – doğma Qarabağımızda, qoşunların təmas xəttində atəşkəs razılaşmasını kobud şəkildə pozaraq, ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlamışdır.

“Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin imzaladığı 28 sentyabr 2020-ci il tarixli Sərəncama əsasən, Xəyal Rəhimli də, Ordu sıralarına çağırılmışdır. 29 oktyabr 2020-ci ildən etibarən isə, o, xüsusi təlimlərdə iştirak etmiş və torpaqlarımızın yağı düşməndən, erməni terrorçularından təmizlənməsi uğrunda gedən qanlı döyüşlərə qatılmışdır.

Dövlətçiliyimizin çətin sınaq qarşısında qaldığı belə bir zamanda, məlum İkinci Qarabağ müharibəsində Xəyal da, Müzəffər Ordumuzun tərkibində düşmən təcavüzünün qarşısının alınmasında iştirak etmişdir.

O, əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirən hərbçilərimizlə birgə mübarizə apararaq Vətənə olan borcunu ləyaqətlə yerinə yetirmiş və özünəməxsus xidmətləri ilə fərqlənə bilmişdir.

Dünya xalqlarının tarixi keçmişinə nəzər salsaq, çox asanlıqla görə bilərik ki, səbəbindən asılı olmayaraq, baş vermiş bütün müharibələr dağıntılar, insan ölümləri və əsrlərlə unudulmayacaq faciələrlə müşayiət olunur. Çox təəssüflər olsun ki, müəyyən insanların məqsədli şəkildə yaratdığı müharibələr, münaqişələr və qarşıdurmalar itkisiz olmur…

Müstəqil Azərbaycanımızın mərd oğulları, qəhrəman əsgərləri də əzəli torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şirin canından keçdilər. Haqqında söhbət açdığımız Xəyal Rəhimli də, belə oğullardan biri idi…

O, Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad edilməsi uğrunda mübarizə aparmış və 07 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən ağır döyüşlər zamanı, düşmənin fasiləsiz olaraq qumbaraatanlardan atdığı atəşlər nəticəsində qəhrəmancasına şəhid olmuşdur.

Şəhidimizin ailəsi haqda zəruri hesab etdiyim bir neçə məlumatı da nəzərinizə çatdırmaq istərdim. Belə ki, Xəyal Rəhimlinin babası Rəhimov İbad Rəhim oğlu, doğma kəndimiz Əlinəzərlidə, ətraf kəndlərdə və eləcə də, bütün rayon ərazisində özünəməxsus çəkiyə, yüksək hörmətə malik bir ziyalı idi. O, mühasibatlıq sahəsində peşəkar mütəxəssis kimi çox tanınırdı. Müxtəlif idarə və müəssisələrdə baş mühasib kimi uzun illər fəaliyyət göstərmişdir. Xüsusi savada, ən ali mənəvi və əxlaqi dəyərlərə sahib olan İbad müəllimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır!

Həmçinin, Xəyalın digər babası, nəslin ağsaqqalı olan – Rəhimov Teymur Əliş oğlu da hər kəs tərəfindən sevilən bir insan olub. Demək olar ki, onu tanımayan insan yox idi. İkinci dünya müharibəsinin qəhrəmanlarından biri idi. Hər birimizin yaxşı tanıdığı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ən yaxın dostu və silahdaşı olub. Ağır, çox çətin günlər keçirib Teymur babamız. O, bir müddət almanların əsir düşərgəsində işgəncələrə, əzab-əziyyətlərə dözməli olub. Qolunun birini itirmiş, lakin bu çətinlik də, onu qorxuda bilməmiş, yaşamaq uğrunda mübarizəsini davam etdirmişdir. Müharibədən sonra əmək fəaliyyətini davam etdirmiş, müxtəlif yerlərdə işləmişdir. Teymur babamız həm xeyirxah, həm də, duzlu-məzəli söhbətləri ilə, yaxşı insan obrazında xatirələrdə qalmağı bacarmışdır. Kəndimizin ərazisində yerləşən əkin sahələrinin suvarma suyuna ehtiyacı olduğu bir vaxtda, 1969-1970-ci illər ərzində, Teymur kişinin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə kənd ərazisindən, əkin sahələrinə su arxı çəkilmişdir. Şəxsən özü də fiziki imkanlarını səfərbər edərək, bu işə lazımi töhfəsini vermişdir. Beləliklə, sırf Teymur Rəhimovun çəkdiyi misilsiz zəhmətin qarşılığı olaraq, Əlinəzərli kənd sakinləri bu arxa, “Teymur arxı” adını vermişdir.

Teymur Rəhimov, 2019-cu ildə, 100 yaşında dünyasını dəyişmişdir!

Dövlətimiz hər zaman Teymur kişini diqqət mərkəzində saxlamış, onun qayğısına qalmış və zəruri ehtiyaclarının qarşılanması üçün təxirəsalınmaz tədbirlər görərək, müvafiq addımlar atmışdır!

Şəhidimizin atası Rahil Rəhimovun xatirələri: Xəyal ailəmizdə böyüyən 5 uşaqdan biri, 4 bacının yeganə qardaşı, ailəmizin son beşiyi və bizim üçün övladlarımızın ən əziz olanı idi. O, mənim, həm arxa-dayağım, əlimdən tutanım, həm də, tək təsəlli yerim idi. Xəyalın ağıllı, sakit, etibarlı və ailəcanlı olması, aramızda qırılmaz bir bağ, daha dəqiq desəm, möhkəm dostluq münasibəti yaratmışdı. Biz, həm mehriban bir dost, həm də, ən sadiq sirdaş idik.

Yaxşı yadımdadır, 2016-cı ilin aprel ayında, 4 günlük müharibənin gedişi zamanı, ehtiyatda olan digər hərbi qulluqçular kimi, Xəyal da, təlimlərə cəlb edilmişdi. Xəyalla bərabər bir qrup çağırışçı, qısa müddət ərzində Lənkəran şəhərində təlimlərdə iştirak etmiş və müharibənin qısa müddət ərzində qurtarması səbəbindən, təlimlərdən kənarlaşdırılaraq, evə göndərilmişdilər.

Xəyal, həmçinin, hər birimizin şahidi olduğumuz Vətən Müharibəsində də, iştirak etdi. Silahlı Qüvvələrimizin tərkibinə qismən səfərbərliklə cəlb edilmişdi. Şahidlərin, döyüş yoldaşlarının dediyinə görə, Xəyal bu döyüşlər zamanı Vətənimiz uğrunda cəsarətlə vuruşmuş və üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişdir. Torpaqlarımızın düşmən işğalından azad edilməsində, oğlum da özünəməxsus xidmətlər göstərmişdir. Xəyal, qızğın döyüşlər zamanı, 07 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu ərazisində qəhrəmancasına şəhid olmuşdur.

Onun yoxluğuna inanmıram və həmişə olduğu kimi, bu gün də, səbrsizliklə yolunu gözləyirəm. Nə vaxtsa təkrar qayıtması ümidi ilə yaşayıram. Xəyalın yoxluğu ilə, ailəmiz – bütün xoşbəxtliyini, sevincini və demək olar ki, hər şeyini itirdi. O, öz gedişi ilə, bizim arzularımızı, ümidimizi və ruhumuzu da özü ilə apardı…

Allah bütün şəhidlərimizə rəhmət etsin! Vətən uğrunda şəhid olmaq böyük bir nemətdir, əsl şərəfdir!

Şəhidimizin anası Kifayət Rəhimovanın xatirələri: Xəyal, ailəsinə və əsasən də, valideynlərinə çox bağlı bir insan idi! O, uşaqlıqdan zəhmətkeş, əməksevər bir insan olub. Bütün işlərdə bizə yaxından kömək edər, ailəmizin yaxşı yaşamağı üçün bütün çətinliklərə sinə gərərdi. Övladlarımızın ən kiçiyi olduğu üçün onu daha çox əzizləyərdik, lakin buna baxmayaraq, o, çox tərbiyəli və öz yerini bilən bir uşaq kimi böyümüşdü. Ailə təsərrüfatı ilə məşğul olar, qazandığı məvacibin hamısını ailəmizə sərf edərdi. Çox mərd idi, çətinliklərdən heç qorxmazdı və həmişə öz qazancını halallıqla, alın təri ilə əldə edərdi.

Xəyal, həm də, çox etibarlı və qohumcanlı bir insan idi. Bütün qohumları, qonşuları və dostları onunla yaxınlıq edər, xoş münasibət saxlayar və daim bir yerdə olardılar.

Vətən Müharibəsi başlayanda Xəyal mənə: “Ana, mən də, Vətənimizə öz borcumu verməyə hazıram! Əgər səfərbərliklə çağırılmasam, könüllü olaraq qatılacağam döyüşlərə! Buna hazır olun! ” dedi. Əvvəlcə oğlumun mənə dediyi sözlərin fərqinə varmadım, amma hadisələrin sonrakı gedişatı, onun bu işdə israrlı olduğunu açıq-aşkar göstərdi. Çox vətənpərvər oğul idi Xəyal balam!

Xəyal müharibəyə getdiyi ilk gün hamı ilə, bütün qohumlarla xatirə şəkili çəkdirdi. İşin maraqlı olan tərəfi isə, ondan ibarət idi ki, o, adı vaxtlarda şəkil çəkdirməyi, diqqət mərkəzində olmağı xoşlamazdı. Görünür, o, həyatda hər şeyin mümkünlüyünü nəzarə alaraq, heç nəyi biruzə vermədən bu addımı atıbmış.

Xəyalı yola salmaq üçün bizə gələnlərin heç birinin onunla getməsinə razı olmadı. Heç kimə əziyyət verməmək üçün lazım olan yerə özü tək getdi.

Müharibənin ən şiddətli vaxtlarında, imkan tapan kimi bizə zəng edərdi. Hər dəfə danışanda özünün və ümumi vəziyyətin yaxşı olduğunu bildirərdi, dönə-dönə özümüzə yaxşı baxmağımızı tapşırardı. Heç zaman orada baş verənlər haqqında heç nə deməzdi. Xəyal uşaqlıqdan sirr saxlamağı bacarar, yersiz yerə hər şeyi danışmazdı. Bu xüsusiyyətinə yaxşı bələd olduğumuz üçün, ona bu barədə əlavə suallar verməzdik.

Bir gün Xəyala nə qədər zəng etsək də, əlaqə saxlaya bilmədik. Əvvəlcə bunun səbəbini bilməsək də, sonradan bizə məlum oldu ki, oğlum Vətən uğrunda şəhid olub.

O, subay idi və hələ bu günə qədər də, sevdiyi qızın olub-olmaması haqqında məlumatımız yoxdur. Bu barədə mənə heç bir söz deməmişdi. Son vaxtlar ondan: “Xəyal, niyə evlənmirsən?” deyə soruşanda, mənə: “Ana, söz verirəm ki, qələbə qazandıqdan sonra, ailə həyatı qaracağam!” deyərdi.

Bu yaxınlarda döyüş yoldaşları gəlmişdi bizə. Xəyalın keçdiyi döyüş yolu haqqında xeyli danışdılar. Onlarla olduğu 10 gün müddət ərzində özünə yaxşı hörmət qazanıbmış şəhid oğlum.

Mən də öz növbəmdə, bütün şəhid ailələrinin adından 30 ilə yaxın həsrətində olduğumuz doğma Qarabağ torpaqlarımızın 44 gün ərzində düşmən əsarətindən azad edən, xalqımıza Qələbə sevinci yaşadan Prezidentimiz, cənab İlham Əliyevə, birinci vitse-prezident, xanım Mehriban Əliyevaya və Şanlı Ordumuzun əsgərlərinə minnətdarlığımı bildirirəm! Möhtəşəm Qələbəmiz münasibətilə, onları təbrik edir və möhkəm can sağlığı arzulayıram!

Şəhidimizin bacısı Aygün Rəhimovanın xatirələri: Mən, ailəmizin ilk övladıyam. Xəyal dünyaya göz açanda, mən 8-ci sinifdə oxuyurdum. Qardaşım üçün qurbanlar kəsildiyi indiki kimi yadımdadır. Onun gəlişi, özü ilə ailəmizə qucaq dolusu sevinc, misli görünməyən böyük bir xoşbəxtlik gətirmişdi. Uşaqlıqda sakit təbiətli, səbrli, təmkinli və evə çox bağlı idi qardaşım. Xəyalı, demək olar ki, özüm saxlamışdım və bütün xarakterlərini, istəklərini əzbər bilirdim. Mənə, həddindən artıq bağlı idi. Mən ona, həm ana, həm bacı, həm də, sirr ortağı idim.

Bu gün də, dönməyəcəyini bilə-bilə, gözüm hər yerdə onu axtarır. Hələ də, onun yoxluğunu qəbul edə bilmirəm! Bu dərd yükünü daşımaq mənə çox çətindir. Hər gün qardaşımın qayıdacağı xülyası ilə, özüm-özümü aldadıram. Bununla da, guya təsəlli tapır, uşaq kimi həqiqətdən qaçıb, yalan kölgəsində gizlənirəm. Qardaşımın şəhid olduğu həmin gün heç zaman yadımdan çıxmaz!

Bir şey, hələ də, mənə sirr olaraq qalır: “Niyə, Xəyal hər dəfə mənə məktub yazanda, cümlələrin sonunda “Mənasız həyat!” sözünü yazırdı?!”…

Mən özüm də, “N” saylı hərbi hissədə mülki işçi kimi çalışıram. Vətən Müharibəsi zamanı biz də, Vətən qarşısında xidməti vəzifəmizi yerinə yetirirdik. Əsgərlərimizə dualar edir, səbrsizliklə Qələbə qazanacağımız günü gözləyirdik. Qazandığımız bu möhtəşəm Qələbədə, zəhməti keçən, xidməti olan hər kəsə öz təşəkkürümü bildirirəm! Müalicə alan qazilərimizə can sağlığı arzulayır və tezliklə, doğmalarına qovuşmalarını diləyirəm!

Müstəqil dövlətimizin azadlığı, xalqımızın xoş gələcəyi uğrunda yorulmadan çalışan Vətənimizin qeyrətli oğulları ilə fəxr edirəm!

Uca Allah, müqəddəs məqam sahibləri olan bütün şəhidlərimizə rəhmət etsin!

Allah, bütün şəhid valideynlərinə səbr versin!

Şəhidimizin bacısı Yaqut Rəhimovanın xatirələri: Xəyal yaşca məndən çox kiçik idi. Ailəmizdə hamı kimi, mən də onu əzizləyər, onun üçün əlimdən gələn hər şeyi edərdim. Qardaşım hər birimizin sevimlisi idi. Utancaq xasiyyətli, təmiz qəlbli biri kimi hamı tərəfindən sevilərdi. Heç kəslə şəxsi ədavət saxlamaz, kin-küdurəti ürəyinə yaxın buraxmazdı. Qardaşımın hər kəsdən gizli saxladığı, yalnız özünəməxsus, çox maraqlı daxili dünyası vardı.

Onun şəhid olması xəbərini eşitdiyim günü, mən də, digər ailə üzvlərim kimi heç vaxt yaddan çıxartmaram. Xəyalın aramızda olmaması bizi çox sıxır və Allahın bu çətin sınağı qarşısında hələ də, acizanə formada, çarəsiz olaraq qalmaqdayıq…

Xəyal qardaşım da daxil olmaqla, Vətənimiz Azərbaycan uğrunda, xalqımızın azadlığı naminə özünü fəda edən bütün şəhidlərimizə Allah rəhmət etsin! Onların müqəddəs ruhu qarşısında baş əyirəm!

Şəhidimizin bacısı İnarə Rəhimovanın xatirələri: Qardaşımla bağlı xatirələrim çoxdur. Xəyalın, ürəyimdə istiqanlı qardaş, sədaqətli bir dost kimi xüsusi yeri var idi. Hələ, ailəmizdən, yaxın qohumlarımızdan heç biri onun nə sözündən, nə də, hər hansı bir hərəkətindən inciməmişdi. Hər bir işimizdə bizə yaxından köməklik göstərər, bizi heç zaman tək qoymazdı. Öz halal qazancı ilə ailəmizə yardımçı olardı.

Xəyal qardaşım, həmçinin,Vətənimizi, xalqımızı da, bütün vücudu, bütün ruhu ilə sevərdi! Vətən Müharibəsi başlayanda, Xəyalın cəbhəyə getmək üçün necə can atması yaxşı yadımdadır. Qismən səfərbərliklə Ordu sıralarına çağırılan qardaşım, Vətənimizə öz xidməti borcunu ləyaqətlə vermişdir. Düşmən ilə mübarizədə üzərinə düşən vəzifənin öhdəsindən gəlmiş, yuxarı komandanlığın verdiyi əmr və tapşırıqları lazımınca yerinə yetirmişdir.

Xəyal, torpaqlarımızın azadlığı uğrunda gedən qanlı döyüşlər zamanı şəhid olmuşdur. Mənim üçün şəhid baçısı olmaq, həm çox çətin, həm də, olduqca qürurverici bir hissdir. Bu adın məsuliyyətini dərk edir, ağırlığını qəlbimdə daşıyıram. Uca Allah, mənim də qardaşım daxil olmaqla, cəmi şəhidlərimizə rəhmət etsin!

Şəhidimizin bacısı Səbinə Rəhimovanın xatirələri: Demək olar ki, Xəyalla ən yaxın ünsiyyətdə olan ailə üzvü mən idim. Bizim aramızda heç bir sirr yox idi.

Vətən Müharibəsi başlayanda onu da cəbhəyə çağırdılar. Bizdən fərqli olaraq, o, həmin gün çox sevinirdi. Bizə təsəlli verərək, hər şeyin yaxşı olacağını bildirdi. Cəbhəyə getməmişdən qabaq, evimizə də, mənə də lazım olan zəruri şeyləri aldı. Bizdən arxayın olduqdan sonra, rahat şəkildə yola düşdü…

Qardaşım cismən aramızda olmasa da, ruhən bizimlə olduğunu bilirəm. Xəyal şəhid olan gündən, onunla görüşə, yalnız qəbri üstə gedirəm. Artıq, bu yer, qardaşımla söhbət yerim, ona qarşı olan duyğularımın canlandığı ən müqəddəs bir məkandır.

Bəzən, yuxuda görürəm qardaşımı. O, adi həyatda olduğu kimi, yuxuda da mənimlə mehriban danışır, amma bu söhbətimiz çox da uzun çəkmir. Hər dəfə oyanıb, bütün bunların yuxu olduğunu biləndə isə, çox pis olur, özümə yer tapa bilmirəm. Hələ, bu günə qədər də, onun yoxluğu ilə barışmamışam. Xəyalla getdi hər bir sevgim, hər bir istəyim. Dünyaya bağlılığımı, yaşamağa həvəsimi və bütün arzularımi Xəyal özü ilə apardı. O, mənim gözümdə böyük bir dünya idi. İndi, bu dünya onsuz mənim üçün çox boş və mənasız görünür.

Bütün şəhid bacıları kimi, mən də öz qardaşımla fəxr edirəm! Ona, Allahdan rəhmət diləyirəm!

Şəhidimizin dayısı Eynullah Əsgərovun xatirələri: Xəyal evimizdə, elimizdə özünə hörmət qazanmağı bacarmışdı. O, xüsusilə, mənim üçün çox doğma, çox əziz idi. Heç zaman, onu övladlarımdan seçməmişəm. Xəyaldan özümə qarşı həmişə hörmət və ehtiram görmüşəm. Onun cismən yoxluğu məni çox kədərləndirir. Gözüm hər yerdə onu axtarır və yenə də, əvvəllər olduğu kimi, onu bağrıma basıb, qucaqlamaq istəyirəm. Bunun mümkünsüzlüyünü bilə-bilə, yenə də, beynimdə beləcə, şirin xəyallar qurub, özümü sakitləşdirməyə çalışıram. Xəyal, mənim arzularımın hədiyyəsi idi. Bacılarının yeganə qardaşı idi, sakit, tərbiyəli və mərd. Bizim üçün Xəyal, elə öz adı kimi, xəyal olaraq da qaldı!…

Uca Allahdan çox istəmişdim ki, bacımın evində belə bir oğul böyüsün. Çox şükür ki, belə bir oğulu Allah bizə qismət elədi. Bu gün isə, Xəyal, artıq bacımgilin deyil, bütün Azərbaycan xalqının övladıdır!

Xəyal kimi oğullar, düşmən əsarətində olan, illər uzunu həsrətində olduğumuz torpaqlarımızı özümüzə qaytardı. Belə igidlərimizin sayəsində Qələbə sevincini yaşamışıq!

Şəhid adı, böyük bir fəxarətdir! Xəyal kimi oğullar şəhidlik zirvəsinə yüksəlməklə, xalqımızı, dövətimizi bu savaşdan qalib olan tərəf kimi, alnıaçıq və üzüağ çıxartdı! Mən də, Xəyalla bərabər, bütün şəhidlərimizlə fəxr edirəm! Allah onlara rəhmət etsin! Müqəddəs ruhları qarşısında baş əyirəm!

Şəhidimizin qohumu Arzu Rəhimovun xatirələri: Keçdiyimiz hər gün tarixə dönür. Bu günlərin heç də hamısı yaddaqalan olmur.Yeganə unudulmayan insan həyatı isə, məhz şəhidlərimizin keçdiyi, şərəflə dolu yaşadığı ömür payıdır.

Məşhur alman mütəfəkkiri, şair-dramaturq Hötenin qeyd etdiyi kimi: “Şərəfli yaşamaq mümkün olduğu yerdə, şərəfsiz yaşamaq nahaqdır!”.

Bu dünya həyatına fərqli şəkildə, gözəl bir adla “Əlvida” deməkdir şəhid olmaq. Vətən, xalq yolunda öz istəyi ilə, bilərəkdən canını fəda edən insanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvədə dayanmaqdır şəhid olmaq. Bu yol, bizim şahidi olduğumuz savaşların qəhrəmanı olan qorxmaz, məğrur oğullarımızın getdiyi şərəfli bir döyüş yoludur. Onların qısa, lakin hər kəsə nümunə olacaq həyat hekayəsi, özündə şanlı tariximizi əks etdirərək yaşatdı…

Cənnət sakinləri olan şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir və Ulu Tanrıdan onlara rəhmət diləyirəm!…

Şəhidimizin döyüş yoldaşı Əmrah Əliyevin xatirələri: Xəyal ilə mən eyni gündə, qismən səfərbərlik çağırışı ilə ordu sıralarına çağırılmışıq. Onunla bağlı çox xatirələrim var. Biz, istər təlim taborunda, istərsə də, döyüş zamanı bir yerdə olmuşduq. Yuxarı komandanlıq tərəfindən Xəyala qarşı həmişə yaxşı münasibət olmuşdur. Nizam-intizamlı olduğundan, hamı tərəfindən hörmətlə qarşılanardı.

Xəyal, ən yaxından tanıdığım, qorxmaz, mərd döyüşçülərdən biri idi. O, Vətəninə ləyaqətlə xidmət etmiş, xalqına, dövlətinə sadiqliyini, ona sədaqətini öz əməli işi və sevgisi ilə sübut etmişdir!

Əsas döyüş yolumuz isə, Cəbrayıl, Qubadlı rayonları və ətraf kəndləri istiqamətində olmuşdur. Tale elə gətirdi ki, hər ikimiz də, eyni gündə, 07 oktyabr 2020-ci il tarixdə, yanımıza qumbaraatan mərmisi düşməsi nəticəsində yaralandıq. Xəyalın aldığı qəlpə xəsarətləri çox və ağır olduğundan, o, döyüş meydanında şəhid oldu. Onunla bərabər, digər yoldaşlarımızdan da, şəhid olanlar oldu. Bütün bunların hamısı, mənim gözlərim qarşısında baş vermişdir.

Bir müddət Respublikamızın müxtəlif yerlərində fəaliyyət göstərən Hərbi Hospitallarda müalicə aldım. Sağlamlığım qismən bərpa edilib, lakin bütün bunlara baxmayaraq, hələ də, müharibənin acılarını, şahidi olduğum hadisələrin gərginliyini yaşamaqdayam. Mən, həmin günlərdə ətrafımda olan çox doğma, çox etibarlı yoldaşlarımı itirdim. Onların əziz xatirəsi bir ömür boyu qəlbimdə yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət etsin!

Onu da vurğulamaq istəyirəm ki, möhtərəm Prezidentimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” imzaladığı 15 dekabr 2020-ci il tarixli sərəncama əsasən, Xəyal Rahil oğlu Rəhimli ölümündən sonra, “Vətən uğrunda” medalı ilə təltif edilmişdir!

Nəzərinizə çatdırmaq istəyirəm ki, şəhidimiz Beyləqan rayonu ərazisində yerləşən Cərcis Peyğəmbər ziyarətgahında, xüsusi olaraq şəhidlərimiz üçün ayrılmış Şəhidlər Xiyabanında dəfn edilib!

Həmin gün mən də, digər rayon sakinləri kimi bu dəfn mərasimində iştirak edirdim! Məhz, bu müqəddəs məkanda, öz şəhidini hörmət və ehtiramla son mənzilə yola salan xalq sevgisinin, canlı şahidi oldum! İnsan izdihamının, sürəkli alqışların və haqqında deyilən fəxarət dolu sözlərin müşayiəti ilə dəfn edildi şəhid qardaşım!

Hadisələrin ən yaxın iştirakçısı kimi, göz yaşları içində, milli birliyimizə, həmrəyliyimizə görə, qeyrətli xalqımla bir daha fəxr etdim və azərbaycanlı olduğumla qürur duydum!…

Vətənimiz Azərbaycan uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn igidlər, göstərdikləri misilsiz fədakarlıqlarla, öz adlarını xalqımızın qan yaddaşına əbədi olaraq həkk etdilər!

Heç şübhəsiz ki, onlar bir qəhrəmanlıq nümunəsi olaraq, milyonlarla insanın sevgisini, rəğbətini və ürəyini qazandılar!

Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlər bizim azadlıq, müstəqillik, yenilməzlik və qəhrəmanlıq simvolumuzdur!

Dövlətimizin, torpaqlarımızın illərdir düşmən tapdağından xilas olması üçün apardığı haqlı mübarizə öz bəhrəsini verdi. İşğal altında olan torpaqlarımız düşmən əsarətindən azad edildi. Müzəffər Azərbaycan Ordusu Ermənistan dövləti tərəfindən törədilən ardıcıl təxribatları və yeni işğal planlarının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən zəfər yürüşü, hərbi əməliyyatları çərçivəsində, düşmənin 30 ilə yaxın bir müddət ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın etdi. Beləliklə də, Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi.

Xalqımız, bir daha bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qətiyyətini, lazımı anda öz dövləti və Ali Baş Komandanı ətrafında birləşə bilmək əzmini nümayiş etdirdi. Biz haqq, ədalət uğrunda döyüşdük, hüquqlarımızın bərpası üçün mübarizə apardıq və qələbə qazandıq.

Möhtəşəm qələbəmiz Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcıdır!

Vətən Müharibəsinin böyük zəfərlə bitməsi Azərbaycan dövlətinin, xalqının böyük uğurudur!

Bizim Vətən savaşımız, həm də, milli birliyimizin gücləndirilməsinə öz töhfəsini vermiş oldu.

Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır!.

Məhz, fədakar şəhidlərimizin həyatı hesabına Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdi və əzəli, tarixi torpaqlarına sahib çıxdı!.

Vətənimizin igid oğullarını yada salmaq, onların əziz xatirəsini hörmətlə anmaq hər birimizin vətəndaşlıq borcudur! Haqq-ədalət yolunda özünü fəda edən bütün şəhidlər yüksək hörmətə və ən ali ehtirama layiqdirlər! Şəhadət şərbətini içən qeyrətli eloğlu, cənnət qoxulu Xəyal qardaşım, şəhidlik məqamın mübarək olsun!

Cismani yoxluğunu bilsəm də, ruhən bizimlə olduğuna inanıram Xəyal!

Öz şərəfinlə müqəddəs şəhidlik zirvəsinə, o əlçatmaz mərtəbəyə yüksələn şəhid qardaşım, mən də daxil olmaqla, bütün Səni sevənlərin və qədirbilən xalqımızın qəlbində daim yaşayacaqsan!

Ulu Tanrı Sənə və cəmi şəhidlərimizə rəhmət etsin!

Xalqımız, müstəqil dövlətimiz daim var olsun!

Üçrəngli, müqəddəs bayrağımız daim zirvələrdə dalğalansın!

Şəhidlərimizi tərbiyə edib, qəhrəman oğul kimi böyüdən valideynlər, haqqınızı bizə halal edin!

Başın sağ olsun Azərbaycan xalqı! Təki, Vətən yaşasın, müstəqil Azərbaycan dövləti var olsun!

Min bir əziyyətlə övlad böyüdüb, Vətən yolunda qurban verən, oğlu haqqında danışarkən göz yaşlarına hakim çıxa bilməyən Kifayət anamın əllərindən öpür, evdə hamı açıq-aşkar Xəyal üçün ağlayarkən, bağda, ağacların altında, gözdən-könüldən uzaq bir yerdə için-için ağlayıb-sızlayan Rahil dayımın qarşısında baş əyirəm!

Böyük Çin filosofu Konfutsinin dediyi kimi: “Hər bir insanın həyat yolunu, onun mənəvi dünyası, xarakteri müəyyən edir!”.

Şəhidimiz Xəyal Rəhimli də həyat yolunu öz zəngin mənəvi dünyasına uyğun olaraq, təmiz vicdanı, dürüst xarakteri ilə müəyyən etdi!. Geri dönüşün mümkün olmadığını dərk edərək, şüurlu şəkildə öz canından keçib şəhadət şərbətini içdi!…

Çox hörmətli oxucular, şəhid qardaşım Xəyal barədə qəlbimdəki duyğularımı, sözlərə, cümlələrə çevirib Sizin diqqətinizə çatdırmaq istədim. Buna nə dərəcədə nail olduğumu isə, deyə bilmərəm. Sözsüz ki, yazının necə alındığını, Siz, məndən daha yaxşı bilirsiniz…

Qeyd: Yazının ərsəyə gəlməsində, işıq üzü görməsində və geniş oxucu kütləsinə təqdim edilməsində mənə yaxından kömək edən şəxslərə: Şəhidimizin ailə üzvlərinə, qohumlarına, dostlarına, kəndimizin vətənpərvər sakini, Arzu Rəhimova, Şəhid Kərəm Əliyev adına Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbin rəhbərliyinə və müəllim kollektivinə, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Prezident təqaüdçüsü, cənab Müşfiq Əliyevə, “SƏS” İnformasiya Agentliyinin rəhbərliyinə və kollektivinə, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, cənab Şamil Sabirogluna, “Quruluş” qəzetinin təsisçisi, cənab Elman İsrafiloğluna, “Paralel” qəzetinin təsisçisi, cənab Tapdıq Abbasa, “Hürriyyət” qəzetinin təsisçisi, Partiya sədri, cənab Sərdar Cəlaloğluna, digər mətbuat nümayəndələrinə və zəhməti keçən hər bir insana öz səmimi minnətdarlığımı bildirirəm!

Xüsusi qeyd: Müqəddəs Şəhidlərimizin Respublikamızda və eləcə də, bütün dünyada lazımınca tanıdılmasına, təbliğ edilməsi istiqamətində bizə münbit şərait yaratdığına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm!!!…

Sabit Mehdiyev