Daha 24 ailə doğma Xocalıya qayıdırbackend

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanı yola salınıb.

Oxu.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola düşür.

Bu mərhələdə Xocalıya 24 ailə (88 nəfər) köçürülür.

Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib.